Trampın zamanında heç belə olmamışdı
Baydenin reytinqi sürətli şəkildə aşağı düşür
ABŞ Prezidenti Co Baydenin reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb və 42 faizə çatıb. Son araşdırmanın nəticəsinə görə, ölkə başçısının reytinqi 44 faizdən bir qədər çox idi. Respondentlərin 54 faizi Baydenin prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib. Prezidentliyin doqquz ayı ərzində onun reytinqi müəyyən məsələləri yanaşma ilə bağlı xeyli aşağı düşüb.
Oktyabrda respondentlərin 51 faizi prezidentin koronavirus pandemiyası ilə mübarizə tədbirlərini bəyəndiyini bildirib, apreldə isə bu rəqəm 69 faizdən çox idi. Baydenin iqtisadi qərarlarını yalnız 40 faiz respondent bəyənib, bu ilin aprelində bu gostərici 52 faizə bərabər idi.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında vurğulayıb ki, statistik göstəricilərdə reytinqin iki faiz aşağı düşməsi Amerika Birləşmiş Ştatları kimi bir dövlət üçün kifayət qədər böyük bir göstərici hesab olunur. Politoloq qeyd edib ki, bu göstərici həm də ABŞ-ın bütün dünyada həyata keçirdiyi siyasi, iqtisadi, hərbi fəaliyyətlə də bağlıdır:
"Ümumiyyətlə, daim Demokratların hakimiyyətdə olduğu dönəmdə Amerika Birləşmiş Ştatlarının yürütdüyü siyasətdən narazı qüvvələr həm dövlət daxilində, həm də ölkə xaricində olub. Bu da birbaşa olaraq dövlət başçısının reytinqinin hesablanmasında, ona qarşı inam və etimadın ölçülməsində də öz əksini tapırdı. Biz hazırda dediklərimizin sübutunu rəqəmlərdə də müşahidə edirik. Prezidentliyinin 9 ayı ərzində Baydenin reytinqi müxtəlif məsələlərlə bağlı xeyli aşağı düşüb. Bu, geopolitik savaşlarda da öz əksini tapır. Bu gün ABŞ-ın hegemonluğunun bir qütblü dünyada öz əksini tapmasını söyləmək çox çətindir. Ümumilikdə, bu gün dünyada çox qütblü bir sistemə keçid geniş xarakter alıb. Dünyanın müxtəlif coğrafiyalarında yeni güc mərkəzləri formalaşıb. Bu gün həm Rusiya, həm Avropa İttifaqı ayrıca geosiyasi faktdır. Eləcə də Çini, Latın Amerikasında Braziliyanı, Afrikada Cənubi Afrika Respublikasını bu sıraya aid edə bilərik".
Politoloq əlavə edib ki, Baydenin reytinqinə təsir edən mühüm amillərdən biri də koronavirus pandemiyasının törətdiyi iqtisadi çətinliklər və fəsadlardır: "Hazırda bütün dünyada kütləvi olaraq peyvəndlənmə prosesi gedir və bu prosesdən narazı qüvvələr var. Eyni zamanda, bunu Baydenin reytinqinə mənfi təsir göstərən amil kimi qiymətləndirə bilərik. Koronavirus pandemiyası ilə bağlı nəticələrdə də müəyyən fərqlər var. Bir qədər öncə keçirilmiş tədqiqatda əgər bu rəqəm 69 faiz idisə, oktyabr ayında keçirilmiş tədqiqat nəticələrində prezidentin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərlə bağlı reytinq 51 faizə düşüb. Düşünürəm ki, daxili, siyasi sabitliyi qorumaq, ölkədə iqtisadiyyata dinamizm qatmaq, eləcə də ölkənin nüfuzunun qorunması istiqamətində Donald Trampın həyata keçirdiyi fəaliyyət Baydenin istiqamətindən kifayət qədər fərqli idi. Qeyd edim ki, Trampın reytinqləri Baydenin reytinqlərindən daha üstün idi. Gələcək tədqiqatlardan Baydenin reytinqində rekord göstəricilər alına bilər. Hesab edirəm ki, bu rekord ölkə daxilində çox geniş narazılıqlara səbəb ola bilər. Və insanların bu narazılıqları küçələrdə, meydanlarda, prospektlərdə nümayiş etdirməsi ilə nəticələnə bilər. Ona görə də daxili, ictimai, siyasi sabitliyi qorumaq, eləcə də ABŞ-ın iqtisadi imkanların artırılması istiqamətində Baydenin daha genişmiqyaslı tədbirlər görməsi mühüm aktuallıq kəsb edir. Çünki ABŞ-ın dünyada nüfuzu var, fövqəldövlətdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünyada bir sıra münaqişələrin həll edilməsində həlledici rolu vardır. Bunu nəzərə alaraq, Amerika Birləşmiş Ştatları prezidenti öz reytinqi haqqında da düşünməli və bu, reytinqin bərpa olunması istiqamətində əməli, praktiki fəaliyyət həyata keçirməlidir".