Praqada Azərbaycanın Zəfər bayramına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən qəbulda Çexiya parlamentinin və digər dövlət strukturlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəliyin rəhbərləri və əməkdaşları, habelə Çexiya ictimaiyyətinin görkəmli nümayəndələri və soydaşlarımız iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 150-dək qonağın qatıldığı tədbiri açan səfir Adış Məmmədov, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, müzəffər ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib. A.Məmmədov 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışaraq, bir il öncə Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdiyini qeyd edib. Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri həyata keçirərək, 30 ilə yaxın mövcud olmuş münaqişəni geridə qoyduğunu və nəhayət on illiklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin tezliklə öz doğma evlərinə təhlükəsiz şəkildə geri dönəcəklərini diqqətə çatdırıb.

Səfir azad olunmuş ərazilərimizdə üçrəngli dövlət bayrağımızı qaldırmış bütün igid oğullarımıza bir daha minnətdarlığını ifadə edərək, şəhidlərimizin əziz xatirəsinin ehtiramla anıldığını vurğulayıb.

A.Məmmədov hazırda regionda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin mövcud olduğunu bildirib. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini “yaşıl enerji” zonası elan etdiyini, bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını xatırladan səfir, ölkəmizin ən qabaqcıl və innovativ texnologiyalardan, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edərək yeni yaşayış məntəqələrinin inşasına başladığını bildirib.

Səfir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasi kursun mehriban qonşuluq, regional əməkdaşlıq formatlarının yaradılması kimi prinsiplər üzərində qurulduğunu vurğulayaraq, dövlətimizin Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə xarici mətbuat orqanlarına verdiyi müsahibələrdən ibarət videoçarx nümayiş olunub. Daha sonra Könül Məmmədlinin rəhbərlik etdiyi muğam üçlüyü tərəfindən ifa edilən milli musiqi nömrələrinin sədaları altında Azərbaycan milli mətbəxinin nemətləri qonaqlara təqdim olunub.