ABŞ və Çin ortaq məxrəcə gələ bilməyəcəklər


Baydenlə Si Cinpin görüşü qarşılıqlı ittihamlarla keçib

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında onlayn formatda görüş keçirilib. Görüş iki hissədən ibarət olub. Görüşün ilk hissəsi Bakı vaxtı ilə saat 08:46-da başlayıb və 1 saat 56 dəqiqə davam edib. 15 dəqiqəlik aradan sonra liderlərin görüşü davam edib. Görüşün ikinci yarısı saat 07:06-da başlayıb və təxminən 1 saat 18 dəqiqə davam edib. Ümumilikdə iki ölkənin liderlərinin görüşü təxminən 3 saat 14 dəqiqə çəkib.

ÇXR lideri Si Cinpin amerikalı həmkarı Cozef Baydenlə bu gün baş tutan virtual görüşündə ABŞ dövlət başçısının Birləşmiş Ştatların Çin siyasətini rasional məcraya qaytaracağına ümid etdiyini deyib. Çin lideri bildirib ki, yaxın 50 ildə beynəlxalq münasibətlərdə ən vacib məsələ ABŞ və Çinin birgə yaşaması üçün düzgün yolu tapmaq olacaq: “Tarix qərəzsizdir və siyasətçinin bütün fəaliyyəti - istər nailiyyətləri, istərsə də uğursuzluqları tarixə yazılacaq. Ümid edirəm ki, cənab prezident siyasi liderlik qabiliyyətini nümayiş etdirəcək və ABŞ-ın Çinlə bağlı siyasətini rasional və praqmatik məcraya qaytaracaq”. Çin Mərkəzi Televiziyası liderlərin ikitərəfli münasibətlər və ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıqları barədə məlumat yayıb.

Görüş barədə fikirlərini “Şərq”lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, bir videokonfransla iki dövlət arasında münasibətlərin  normallaşacağını gözləmir. Politoloq qeyd edib ki, illərlə belə görüşlər çox olub: 

“Hər dövlətin öz maraqları var və bunu qorumağa çalışır. Çin Tayvan adasını ələ keçirməyə çalışır, ABŞ Tayvanı müdafiə edir. Digər məsələlərdə də ciddi fikir ayrılıqları var. Düzdür, danışıqların əsas məqsədi o idi ki, heç olmasa, bir az gərginliyi azaltsınlar. Amma ixtilaf doğuran məsələlərlə bağlı ortaq məxrəcə gələ bilməyəcəklər”.