Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Qeyd edək ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.

Son məlumatlara əsasən, hadisə nəticəsində 66 nəfər həlak olub, 51 nəfər isə yaralanıb.