Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.
Dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, xüsusilə son illər taxıllı bitkilərin və çörəyin istifadəsi ciddi şəkildə araşdırılır:
“Bir çox peşəkarlar çörəyin insan orqanizmi üçün xeyirsiz və ziyanlı olduğunu sübut ediblər. Çörək karbohidratla zəngindir və qanda şəkər səviyyəsini qaldırır. Bəzən tam taxıl çörəkləri belə "tam" taxıldan hazırlanmır. Orada üyüdülmə prosesindən artıq qalmış taxıldan istifadə olunur. Baxmayaraq ki, onların tərkibində qidalandırıcı maddəlləri var, onlar çox tez həzm olunur. Həmçinin tərkibindəki nişasta həzm sistemində tez parçalanır və qana qlükoza kimi sovrulur. Hətta tam buğda çörəyi qanda səkər səviyyəsini hər hansı bir şirniyyatdan daha tez qaldırır. Ümumiyyətlə çörəkdə həddindən artıq çox gluten var. Araşdırmalar isə göstərir ki, insanların əksər faizi glutenə qarşı həssasdır. Yəni sağlam mədəsi olan insanlarda belə gluten həzm sisteminin divarlarına ziyan vurur, mədədə ağrılar, narahatçılıq və yorğunluğa səbəbiyyət verir. Faydalarına gəlincə isə çörəyin tərkibində B vitaminləri ilə yanaşı, sinir sistemini qoruyan manqan və maqnezium - mikroelementlər var. 100 qram tam taxıl çörəyi B1 vitamininin gündəlik dəyərinin demək olar ki, yarısını ehtiva edir. Əgər vitamin çatmazsa, insan əsəbiləşir, daha tez yorulur, əzələ zəifliyi yaranır. Ümumiyyətlə qidalanmada boz, qara, çovdar çörəklərinə üstünlük verilməlidir”.