Çiy şəkildə istehlak edilən meyvə və tərəvəzlər Hepatit A riski yarada bilər -Mütəxəssis

Hepatit A və digər qida yoluxucu xəstəliklərdən qorunmaq üçün meyvələri bol su ilə yumaq lazımdır

Supermarketlər şəbəkəsindən alınan meyvə yedikdən sonra 12 nəfərdə Hepatit A aşkarlanıb. Hadisə Hollandiyada baş verib.
“Albert Heijn” supermarketlər şəbəkəsindən alınan qaragilə insanları virusa yoluxdurub.
Xəstəliyə yoluxanların yaşı 25-77 arasındadır.
İki nəfər o qədər ağır vəziyyətə düşüb ki, xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər virusun meyvə toplayanların gigiyenik qaydalara riayət etməməsindən qaynaqlandığı fərziyyəsini irəli sürürr.
Həkimlər isə infeksiyanın yüzlərlə insana keçə biləcəyindən narahatdır. Giləmeyvələrin təhlükəli partiyası mağazalardan çıxarılıb.

Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, Hollandiyada bir neçə nəfərdə Hepatit A virusunun aşkar olunması supermarket şəbəkələrindən alınan meyvələr ilə əlaqələndirilir: 

“Lakin bu kimi hallarda dəqiq təsbit üçün ilk növbədə analiz nəticələrinə əsaslanmalıyıq. Hepatit A virusu çirklənmiş su, torpaq və ya virus daşıyan şəxslərlə birbaşa təmas nəticəsində meyvələrə keçə bilər. Xüsusilə, çiy şəkildə istehlak edilən meyvə və tərəvəzlər virusun insana keçməsi üçün risk faktoru yarada bilər. Virus əsasən çirklənmiş su ilə suvarma, qida emalı zamanı gigiyenik qaydalara əməl edilməmə, məhsulların düzgün şəkildə yuyulmaması və ya qablaşdırılmaması zamanı yoluxa bilər. Ümumiyyətlə meyvə seçərkən məhsulun mənşəyi və keyfiyyətinə baxmaq vacibdir. Bu halda sertifikatlı, məhsulların keyfiyyətinə nəzarət edən supermarketlər və bazarları seçmək məqsəduyğun olar. Mövsümdən kənar yetişdirilən və ya idxal olunan məhsullarda isə risk daha yüksək ola bilər. Ona görə də kimyəvi maddələrdən və çirklənmədən uzaq şəraitdə yetişdirilən məhsulların seçilməsi məsləhətdir. Digər tərəfdən Hepatit A və digər qida yoluxucu xəstəliklərdən qorunmaq üçün meyvələri bol su ilə yumaq lazımdır. Zərurət olduqda xüsusi qida dezinfeksiya vasitələrindən istifadə edilə bilər. Qabığı ilə yeyilən meyvələri diqqətli şəkildə yaxşıca yumaq və ya mümkün olduqda qabığını soymaq lazımdır. Əllərimizi yumaq və mətbəxdə təmizliyi təmin etmək vacibdir. Mənbəyi məlum olmayan və ya xarici görünüşü şübhəli olan meyvələri istehlak etməməliyik. Həmçinin meyvələri düzgün temperaturda və təmiz mühitdə saxlamalıyıq.  Hepatit A virusunun yayılmasının qarşısını almaq üçün istehlakçılar daha diqqətli olmalı və gigiyenik qaydalara ciddi riayət etməlidirlər. Etibarlı mənbələrdən alınan məhsulları düzgün şəkildə hazırlamaq və istehlak etmək bu riskləri minimuma endirə bilər. İctimaiyyəti məlumatlandırmaq və təhlükəsiz qida istehlakını təşviq etmək hər birimizin məsuliyyətidir. Unutmayaq ki, qidalarımız sağlamlığımızın əsas təməllərindəndir”.