Politoloq: Bu gün AB strukturları Makron siyasətinin girovuna çevrilib

 AB-nin siyasəti bir terrorçu qrupla başqalarına qarşı mübarizə aparmaq qədər absurddur

Avropa Birliyi (AB) ciddi böhran içindədir, lakin onun rəhbərliyi bunu görmək istəmir və sanki sərxoş haldadır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ölkəsinin 2024-cü ilin ikinci yarısında AB Şurasına sədrliyinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Orban hesab edir ki, AB-də böhran bir gecədə yaranmayıb, lakin Brüssel bunu görməməyə üstünlük verir:
"Avropa Birliyi ayılmalıdır, amma hələ də sərxoşdur. O, sülh yox, müharibə istəyir. O, sərhədin mühafizəsini deyil, miqrantları istəyir. Ailələri yox, genderi qoruyur. O, sərfəli enerji yox, yaşıl siyasətlər istəyir".
Onun fikrincə, AB ABŞ və Asiya ölkələri ilə rəqabətdə uğursuzluğa düçar olduğu halda, onun rəhbərliyi Brüsseldə mümkün qədər çox güc cəmləşdirməyə çalışaraq özü üçün yeni səlahiyyətlər əldə edir:
"2000-ci ildə qərara gəldik ki, 2010-cu ilə qədər AB dünyanın ən rəqabətqabiliyyətli biliyə əsaslanan iqtisadiyyatına çevrilsin. Bu, Lissabon strategiyası idi. Harada olduğumuzu görürük. Sonra konkret inkişaf məqsədləri ilə "Avropa 2020" strategiyası ortaya çıxdı. Kağız üzərində qaldı. Sonra yaşıl keçid planı gəldi. Beş il sonra uğursuz oldu".

Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, AB iqtisadi, siyasi və ideoloji baxımdan böhrandan çıxa bilməsi üçün təməl siyasətinə, özünə qayıtmalıdır:

"AB məkanının ideoloji əsaslarında demokratiya və insan hüquqları, beynəlxalq hüququn tətbiqi ilə bağlı konkret prinsipləri var. Birlik isə bunlardan çoxdan uzaqlaşıb və selektiv yanaşma göstərir. Hətta demokratiya və İnsan hüquqları özlərində total olaraq tapdanmış olsa da, bu yöndə digər ölkələri tənqid edirlər. Tərəf tutmaq,  müharibəni müəyyən mənada dəstəkləmək AB-nin qlobal səviyyədə cəlbediciliyini itirməsi ilə nəticələnib. Təəssüf ki, bu gün AB strukturları uğursuz Fransa Prezidenti Makron siyasətinin girovuna çevrilib. Həmçinin Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Fransanın diktəsi ilə hərəkət edir. Bu da AB-nin geosiyasi və geoiqtisadi maraqlarına uyğun deyil. Üstəlik, xristian həmrəyliyi kontekstində Ermənistanı müdafiə etmək siyasəti onu Cənubi Qafqazda zəiflətdi və Azərbaycanla sülh danışıqları prosesindən uzaqlaşdırdı. Ən azından Şarl Mişelin dövründə Avropa Şurası bu məsələyə yanaşmada neytral mövqe tuturdu. Bunun nəticəsi idi ki, sülh danışıqlarının əksəriyyəti Avropanın mərkəzində - Brüsseldə baş tutmuşdu. Həmçinin konkret qəbul olunan bəyannamələr sülhə aparan yolu açmışdı. Lakin sonradan digər bütün məsələlər kimi Fransanın təsiri ilə AB öz tərəfsizliyini itirdi və kənarda qaldı. Bundan başqa, miqrasiya mövzusunda narahat olduqlarını desələr də, müharibəni dəstəkləyirlər. Bu, təkcə Rusiya-Ukrayna münaqişəsinə aid deyil. AP-nin böyük ölkələri Yaxın Şərqdə gedən HƏMAS-İsrail qarşıdurmasında İsraili dəstəkləyirlər. Həmçinin ABŞ-nin rəhbərlik etdiyi koalisiya Suriyanın şimalında hökm sürdürür. Buna dəstək verən qüvvələr isə PKK terrorçularıdır. AB-nin siyasəti bir terrorçu qrupla başqalarına qarşı mübarizə aparmaq qədər absurddur. Ümumilikdə Orbanın dediklərində böyük həqiqətlər var".

Politoloqun fikrincə, AB-də lider çatışmazlığı mövcuddur:
"Heç bir Avropa dövlətində normal, münaqişələri dayandıracaq siyasi lider yoxdur. AP-nin yaşıl keçid planına gəldikdə isə, bu, yanlış deyil. Həmçinin gələcəyə və perspektivə, iqlim dəyişikliyi kontekstində atmosferə zərər verməməyə və karbon emissiyasının qarşısını almağa hesablanmış siyasətdir. Bunun davamlı olacağı gözlənilir. AP-nin bu məsələyə nə qədər maliyyə ayırmaqla bağlı danışmaq hələ tezdir. Çünki Azərbaycanda keçirilən COP29 iqlim konfransında AP ölkələrinin bu mövzuda nə qədər məhdud davranışlarını hər kəs gördü. Hər halda yaşıl enerji hazırda Avropa üçün prioritetdir".