Avropa Birliyinin Gürcüstandakı səfiri: "Saakaşvilinin məhkəmə iclaslarında iştirak etməsi vacibdir"

"Mixeil Saakaşvilinin məhkəmə iclaslarında şəxsən iştirak etməsi vacibdir, çünki bunu təkcə Gürcüstan qanunları deyil, Avropa İnsan Haqları Konvensiyası da tələb edir".

24News.ge xəbər verir ki, bu sözləri Avropa Birliyinin Gürcüstandakı səfiri Karl Harçel deyib.

Onun sözlərinə görə, Avropa Birliyi Saakaşvilinin fundamental hüquqlarının, o cümlədən şəxsi məlumatlarının və ləyaqətinin qorunması üçün, müşahidələrini davam etdirir:

"Mixeil Saakaşvilinin hərbi hospitala köçürülməsi fundamental məsələdir. Təbii ki, bu o demək deyil ki, məsələ sona çatıb. Biz onun fundamental hüquqlarının, o cümlədən şəxsi məlumatlarının və ləyaqətinin qorunması, habelə hüquqi proses baxımından vəziyyəti izləməyə davam edirik. Onun məhkəmə iclaslarında şəxsən iştirak etməsi vacibdir, çünki bunu təkcə Gürcüstan qanunları deyil, Avropa İnsan Haqları Konvensiyası da tələb edir. Ümid edirəm ki, hadisələrin indiki impulsu bütün tərəflər üçün düşünmək, bu impulsu saxlamaq və işi irəli aparmaq üçün fürsət olacaq", - deyə K. Harçel bildirib.