Elçin Xalidbəyli: "Kremldən verilən son açıqlama Ukrayna üçün o qədər də xoşagələn məzmun daşımır"
Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna prezidentinə 30 sual” adlı mətbuat marafonunda çıxışı zamanı bildirib ki, ölkədə 1 və 2 dekabr tarixlərində dövlət çevrilişi planlaşdırılıb. Bununla bağlı təkcə kəşfiyyat məlumatının yox, həm də audiofaktın olduğunu söyləyib. Həmin audiofaktda Rinat Axmetovun rəhbərliyində Ukraynadan və Rusiyadan olan nümayəndələrin burada milyardlarla dolların ayrılacağı dövlət çevrilişini müzakirə edildiyini deyib. Zelenski hesab edir ki, bu iş adamı R.Axmetovun qurmasıdır və onu Ukrayna dövlətinə qarşı müharibəyə sürükləyirlər.
Maraqlıdır, Ukrayna prezidentinin baş tutacağını iddia etdiyi planlaşdırılmış dövlət çevrilişində Rusiyanın rolu varmı? Məsələni "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Şərq”ə şərh edib. Son dövrlərdə Ukrayna və Rusiya arasındakı münasibətlərdə ciddi böhranın hökm sürdüyünü bildirən politoloq hazırkı duruma diqqət çəkib:
“Hazırda rəsmi Kiyev Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığını iddia edir. Həmin iddialara görə, Rusiya 2022-ci ilin əvvəllərində Ukraynaya hücum etməyə hazırlaşır. Hələlik bu iddiaların reallığı nə qədər əks etdirdiyini müəyyən etmək çox çətindir. Çünki Kreml Ukraynaya qarşı hərbi planlarının olmadığını vurğulayır. Ukrayna sərhədləri ətrafında hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini isə Rusiyanın milli təhlükəsizlik maraqları ilə izah edir. Yəni Kreml bunu daha çox ABŞ və NATO hərbi qüvvələrinin Rusiya sərhədləri ətrafında fəallaşması ilə əlaqələndirir. Ancaq bununla belə, rəsmi Kiyevin öz hərbi-siyasi davranışlarını məhz ABŞ və NATO ilə razılaşdırması Ukrayna üçün Rusiyanın hərbi müdaxilə ehtimalını istər-istəməz aktual saxlayır. Halbuki, rəsmi Kiyevin iddialarına baxmayaraq, Kremlin yaxın vaxtlarda belə bir addım atacağı da qətiyyən inandırıcı görünmür”. E.Xalidbəyli belə bir vaxtda Ukrayna prezidentinin ona qarşı dövlət çevrilişi hazırlanması barədə bəyanatının maraq doğuran tərəflərinə toxunub: “Prezident V.Zelenski dövlət çevrilişinə ediləcək cəhdin vaxtını və icraçısını da elan edib. Ukrayna prezidentinin iddiasına görə, dekabrın 1-də və ya 2-də çevriliş planı işə salınacaq və bu planın reallaşdırılmasında Ukraynanın ən varlı vətəndaşlarından biri, Donetskin “Şaxtyor” futbol klubunun sahibi, milyarder Rinat Axmedov əsas fiqur rolunu oynayacaq. Prezident V.Zelenskinin istinad etdiyi Ukrayna kəşfiyyatının nə qədər dəqiq məlumat əldə edə bildiyi ən yaxın günlərdə məlum olacaq. Bu zaman Ukrayna liderinin bu məsələdə Rusiyanın iştirakına eyham vurmasının da həqiqətə uyğunluğu dəqiqləşəcək”.
Politoloq Kremlin Ukraynada Rusiya ilə qarşıdurma xətti yürüdən, ABŞ və NATO ilə ortaq davranmağa üstünlük verən Zelenski hakimiyyətinin devrilməsində və ya dəyişdirilməsində maraqlı ola biləcəyini vuğulayıb:
“Çünki Kremldən verilən son açıqlama Ukrayna üçün o qədər də xoşagələn məzmun daşımır. Kreml NATO-nun Ukraynanı öz sıralarına qəbul edəcəyi təqdirdə, Rusiyanın bu qonşu ölkəyə hərbi müdaxilə edəcəyinə və beləcə savaşın başlayacağına dair xəbərdarlıq edib.
Bu, ABŞ və NATO-ya açıq mesaj eyni zamanda Ukraynaya birbaşa təhdiddir. Bütün bunlar Rusiya və Ukrayna arasındakı qarşıdurmanın yüksələn xətt üzrə davam etdiyini göstərir”. Elçin Xalidbəyli mövcud durumda Ukraynada hansısa daxili qarşıdurma prosesinin ola biləcəyinin qətiyyən istisna olmadığını diqqətə çatdırıb.
O, bu proseslərdə Prezident V.Zelenskinin istefaya göndərdiyi, erməni mənşəli keçmiş daxili işlər naziri Avakovun da iştirak etmə ehtimalının mövcudluğunu bildirib:
“Hətta erməni Avakovun Rusiyanın adından istifadə edərək, çevriliş planı qura biləcəyi də istisna deyil. Çünki Avakov klanı Ukraynada kifayət qədər güclüdür və yetərli maliyyə-iqtisadi resurslara sahibdir”.