“ABŞ 30 ilə yaxın ATƏT-in Minsk qrupu və həmsədr ölkələrindən biri olub. Həmin müddətdən bu günə qədər dialoqa dəvət edən bir dövlət çağırışı işğalçıya yox, işğal olunana şamil edir”.
Bu barədə “Sherg.az” ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanı humanitar məsələlər üzrə aktiv dialoqa çağırmasına münasibət bildirərkən siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib.
O qeyd edib ki, ABŞ-ın ədaləti yoxdur:
“ABŞ əgər bu qədər dialoqa çağırandırsa, niyə onun Azərbaycandakı keçmiş səfiri, eyni zamanda ATƏT-in həmsədri kimi fəaliyyət göstərən Metyu Brayza artıq dünən açıqlama verib ki, Dağlıq Qarabağın statusu məsələsinə qayıtmaq lazımdır. Həm də ATƏT-in həmsədrlər institutu yenidən bərpa olmalıdır. Siyasi cəhətdən Azərbaycan Prezidenti elan edir ki, Qarabağın statusu yoxdur. O məsələ bitib. Sonuncu üçtərəfli bəyanatda da “Dağlıq Qarabağ” termin şəklində istifadə olunmayıb. Azərbaycan ərazisində elə bir coğrafi, inzibati vahid də yoxdur”.
Politoloq diqqətə çatdırıb ki, ABŞ yenidən bu münaqişəni alovlandırmağa çalışırsa, alınmayacaq:
“ABŞ-ı burada narahat edən onu Paşinyanın Rusiyanın siyasi nəzarətindən çıxarmaq eşqi idi. O da mümkün olmadı. Amma bütün hallarda ABŞ-ın mənəvi haqqı yoxdur ki, Azərbaycanı dialoqa çağırmaqla bu məsələlərin həllini gündəmə gətirsin. İnanmıram ki, Azərbaycan belə bir məsələyə müsbət rəy versin. Eyni zamanda ABŞ Azərbaycanın daxilində yenə də qarşıdurma yaratmaqda maraqlıdır. Bildiyimiz kimi dekabrın 15-də Brüsseldə görüş keçiriləcək.
Həmin görüşə qədər də Azərbaycanın imicinə ziyan vurmaqdan ötrü ABŞ insanları mitinqə çıxarmaqdan, qarşıdurma yaratmaqdan geri qalmadı.
O, yenə öz bildiyini edib. Azərbaycan şəhidlərinə ağlayan bir vaxtda özünü Azərbaycansevən adlandıranlar var idi. Onlar məhz ABŞ-ın təhriki ilə şəhərin mərkəzində mitinq ediblər. ABŞ özü üçün siyasi baza hazırlayıb. Azərbaycanın mənfi imicini formalaşdırmağa çalışırlar.
Təbii ki, ölkənin xarici siyasətinə Azərbaycan prezidenti rəhbərlik edir. Amma düşünmürəm ki, Azərbaycan yenidən ABŞ-ın ikili standart siyasətinə qoşulsun. Həmçinin onun üzdə başqa, arxada başqa yürütdüyü Qafqaz siyasətinə yenidən vasitəçi olsun. ABŞ-ın Rusiyaya gücü çatmır deyə digər dövlətlərin vasitəsilə həmin ölkəyə təzyiq göstərmək istəyir.
Bu, soyuq müharibəni yenidən qızışdırmaq ABŞ-ın planında var. Onlar perspektivdə bunları proqnozlaşdırıblar. Rusiya ABŞ-ın problemidir”.