“İqtisadi sahədə islahatların aparılmaması, texnologiyanın köhnəlməsi, yeni iş yerlərinin açılmaması, ölkəyə xarici sərmayənin qoyulmaması kimi məsələlər də kütləvi etirazlara yol açır”
İran hakimiyyəti xalq etirazları ilə üz-üzə qalıb. Teokratik rejimin sərt təzyiq və basqılarına rəğmən kütləvi etirazlar səngimir. Əksinə əhalinin getdikcə daha da dərinləşən sosial-iqtisadi problemləri nümayiş dalğasını hər ötən gün daha da şiddətləndirir.
Az qala hər gün bu ölkənin hansısa şəhər və ya istehsal müəssisəsində işçilərin tətilləri barədə xəbərlər yayılır. Bəzi aksiyalar isə özünün miqyasına və ictimai-siyasi mahiyyətinə görə beynəlxalq aləmdə rezonans doğurur.Bununla da İranda sadə əhalinin məruz qaldığı çoxsaylı məhrumiyyətlərin üzərinə işıq salır. Son həftələrdə İranın üçüncü böyük şəhəri olan İsfahanda da kütləvi aksiya baş verib. Bəzi media orqanlarının “qanlı cümə” adlandırdığı bu nümayiş İran hakimiyyətini silkələyib.
Məlum aksiyaların gətirib çıxaracağı nəticələr barədə “Sherg.az”a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Tehranda sosial etirazların baş verməsini şərtləndirən bir neçə amil var:
“Ölkədə iqtisadi vəziyyət günü-gündən ağırlaşır. Sanksiyalardan doğan təzyiqlər nəticəsində ölkədə hökumətin bir sıra güzəştləri ləğv etməsi, aztəminatlı əhalinin vəziyyətinin daha da ağırlaşması, mədəni sahədə əhaliyə verilən vədlərə əməl edilməməsi vəziyyəti gərginləşdirir. Həmçinin iqtisadi sahədə islahatların aparılmaması, texnologiyanın köhnəlməsi, yeni iş yerlərinin açılmaması, ölkəyə xarici sərmayənin qoyulmaması kimi məsələlər də kütləvi etirazlara yol açır”.
S.Soltan bunu da qeyd edib ki, 1979-cu il Fevral inqilanın qarşıya qoyduğu məqsədin həyata keçməməsi də cəmiyyəti bir sıra hallarda siyasi şüarları silməyə vadar edir:
“Perspektivə etimad etmək olar ki, əgər İran Altılıq ölkələrlə nüvə proqramına dair danışıqlarda anlaşmasa, rəsmi Tehran qarşısına qoyulan şərtlərə əməl etməzsə, etiraz aksiyalarının gələcəkdə davam etməsi, genişlənməsi mümkündür. Çünki bu şərtlər, sanksiyaların tətbiqi İranda iqtisadi-sosial vəziyyətin daha da ağırlaşmasına şərait yaradacaq”.