Bayden-Putin görüşü:“Hərbi-siyasi qarşıdurmanın növbəti mərhələsi...” – Oxşar ssenari

Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər. Bu barədə Rusiyanın "Kommersant" nəşri məlumat verib. Xəbərə görə, liderlər iki sammit keçirməyi planlaşdırır. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda digəri isə 2022-ci ildə əyani şəkildə baş tutacaq. Xatırladaq ki,rəhbərlər ilk dəfə bu il iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşüblər. Maraqlıdır, bu görüşlər ABŞ-Rusiya münasibətlərinə perspektivdə nə vəd edir? Hazırda tərəflər arasında loyallaşma nə dərəcə gözləniləndir?

Supergüclər arasındakı mövcud durumu “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-Rusiya münasibətlərində gərginlik artan xətt üzrə inkişaf edir:

“Bu Bayden administrasiyasının siyasi kursudur. Çünki məhz prezident Co Bayden hakimiyyətə gəldikdən sonra iki nəhəng dövlət - Rusiya və Çin ABŞ-ın rəsmən beynəlxalq düşməni elan edilib. Bayden administrasiyası ABŞ-ın itirilmiş beynəlxalq mövqelərinin geri qaytarılması cəhdlərini Rusiya və Çin ilə düşmənçilik səviyyəsində rəqabət üzərində indeksləşdirməyə çalışır. Prezident Co Bayden hakimiyyətə gələn kimi Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırmışdı. Ardınca NATO baş katibi Stoltenberqin dili ilə Rusiyanı hədələmişdi. NATO baş katibinin Rusiyaya həddini bildirməklə bağlı açıqlamalarının Ağ Evin Kremli təhdid sifarişindən qaynaqlandığı qətiyyən şübhə doğurmur”.

Politoloq  Rusiyaya qarşı mübarizədə NATO ilə paralel hərəkət edən Ağ Evin Kremllə qarşıdurmanın birinci mərhələsini artıq uduzduğunu söyləyib:

 “Belə ki, Ukrayna ətrafında yaradılmış hərbi-siyasi qarşıdurmada ABŞ və NATO Rusiya qarşısında geri çəkilmək məcburiyyətində qalmışdı. Ağ Ev də bu qüvvələrin Rusiya ordusu ilə silahlı toqquşmasının doğura biləcəyi nəticələrin məsuliyyət yükünü öz üzərinə götürməyə cəsarət etmədi. İndi isə artıq bu hərbi-siyasi qarşıdurmanın növbəti mərhələsi başlayıb. Ssenari yenə də eynidir. Bu dəfə də Rusiya sərhədləri ətrafında canlı qüvvə və hərbi texnika cəmləşdirilir. Üstəlik, qarşıdurmanın mərkəzinə Ukrayna yerləşdirilib. Eyni zamanda, yaxın gələcəkdə Almaniyada olan nüvə başlıqlarının Polşaya yerləşdirmək barədə qərar qəbul edilib. Bu, Rusiyanın nüvə zərbəsi təhlükəsi ilə üzləşmə ehtimalını artırır”.

E.Xalidbəyli  hazırkı durumda  ABŞ və Rusiya arasında qarşıdurmanın zəifləmə ehtimalının hələlik mümkün olmadığını və tərəflər arasındakı gərginliyin daha da intensivləşə biləcəyini deyib. Politoloq eyni zamanda baş tutacaq  Bayden-Putin görüşünə diqqət çəkib:

“Burda ilk növbədə qarşıdurmanı dərinləşdirən faktorların müzakirə olunacağını ehtimal etmək olar. Ona görə də, iki prezidentin görüşündə Ukrayna böhranı, Polşada NATO-nun nüvə hərbi bazasının yerləşdirilmə niyyəti, Rusiya ətrafında ABŞ və NATO hərbi qüvvələrinin cəmləşdirilməsi, eyni zamanda, Rusiyanın Ukrayna sərhədlərinə qoşun toplaması və s.kimi bir sıra önəmli mövzular müzakirə oluna bilər”. 

Elçin Xalidbəyli  ABŞ-nin indidən Rusiyanı daha sərt sanksiyalar ilə hədələdiyini diqqətə çatdırıb:

“Ağ Ev Kremlə xəbərdarlıq edir ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, əvvəllər tətbiq olunmasından çəkindikləri daha ağır sanksiya növlərini işə salacaqlar. Bu Ağ Evin Rusiyaya qarşı həmin qorxunc sanksiyaları işə salmaq üçün bəhanə qazanmağa can atdığını göstərir. Ona görə də ABŞ-Rusiya münasibətlərinin yaxın gələcəkdə yumşalma ehtimalı qətiyyən inandırıcı görünmür”.