Malayziyada son 7 ilin ən güclü daşqınları baş verib


Malayziyanın müxtəlif şəhərlərindən 30 minədək sakin təxliyə olunub.

APA-nın xəbərinə görə, 4 gündür davam edən musson yağışları nəticəsində çaylar məcrasından çıxıb, bir çox yaşayış məntəqəsini su basıb.

Ölkənin baş naziri İsmayıl Sabri Yakub bildirib ki, paytaxta yaxın olan Selanqor ştatına gün ərzində 1 aylıq normadan çox yağıntı düşüb. Paytaxt Kuala Lumpurun 5 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyə edilib. 6 ştatda təhlükəli vəziyyət hökm sürür. Təxliyə olunanların ümumi sayı 30 min nəfərə çatır.

Qeyd edək ki, ölkədə 2004-cü ildə baş verən daşqınlar zamanı 120 minədək insan yaşayış yerini tərk etməyə məcbur olmuşdu.