Üzərində möhür olan timsah dərisi: Dəyəri 2 milyon dollardır

Türkiyənin Diyarbəkir şəhərində polis əməkdaşları oğruları iş başında yaxalayıb. “Şərq” “Milliyet.com.tr”yə  istinadən qeyd edir ki, Diyabəkir polisi keçirdiyi xüsusi əməliyyatla  tarixi əsərin satışa çıxarılmasının qarşısını alıb.

 Söhbət Roma imperatorluğu dönəminə aid, üzərində ərəb qrafikasıyla möhür olan timsah dərisi və tunc lövhədən gedir.  Polisə şübhəli 4 şəxsin  əntiq əşyaları satmaq üçün müştəri axtardıqlarına dair məlumat daxil olub. Həmin 4 nəfər polis tərəfindən keçirilən əməliyyatla yaxalanıb. Polis onları təqib edib. Şübhəli şəxslər Bağlar bölgəsi, Alankoz məhəlləsində tarixi əşyaları satmağa çalışarkən saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxslərin mindiyi avtomobildə aparılan axtarış zamanı isə yuxarıda adı çəkilən əşyalar tapılıb. Tarixi əşyalar Diyarbəkir Muzey Müdürlüyünə təhvil verilib.