Türkiyədə qadınlara qarşı zorakılıq halları bitmək bilmir. Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2021-ci ildə ən azı 367 qadın məruz qaldıqları kişi zorakılığı səbəbindən həyatını itirib. Qətllərin artdığını bildirən qadın hüquq müdafiəçiləri isə “qanunların sərt olmaması kişiləri həvəsləndirir” deyirlər.
Türkiyə Qadın Dərnəkləri Federasiyasının apardığı qadın cinayətlərinin statistikası qadın cinayətlərinin üzücü mənzərəsinin dəyişmədiyini ortaya qoyub. Ötən il 367 qadın kişilər tərəfindən qətlə yetirilib. Qadın hərəkatının nümayəndələri artan qadın qətlləri və şübhəli ölümləri dəyərləndirib.
Qadın cinayətlərinin qarşısının alınmamasını qanundakı boşluqlar və qadın siyasətinin düzgün qurulmadığı ilə əlaqələndirən Türkiyə Qadın Dərnəkləri Federasiyasından Canan Güllü cinayət məcəlləsində qadına qarşı zorakılıqla bağlı konkret müəyyən edilmiş maddənin olmadığına diqqət çəkib: “Nə qədər ki, zorakılıq edən şəxs etdiyi şiddətə görə cəzalandırılmayacaq, qadın qətlləri artacaq. Ehtiyat tədbirləri görülmədikcə, qətllər azalmayacaq. Digər tərəfdən, vəhşiliyin miqyası günü-gündən artır. Orduda öldürülən Ceren Damar və İstanbulda öldürülən Başak Cengiz kimi. İndi qadınlar yalnız qohumu, həyat yoldaşı və ya sevgilisi tərəfindən öldürülmür, eyniz zamanda başqa kişilər tərəfindən öldürülür. Bu zorakılığın və qətllərin qarşısını almaq üçün qadın nazirliyi yaradılmalı, qadın siyasəti həyata keçirilməlidir”.
'Yüzlərlə şübhəli ölüm'
"Qadın Cinayətlərini Durduracağıq" Platformasının hüquqşünası Rukiyə Leyla Süren vəziyyəti belə şərh edir:
“2021-ci ildə şübhəli ölüm halları artıb. Təkcə oktyabr ayında qətlə yetirilən 18 qadından 12-nin ölümü şübhəli olub. Yüzlərlə qadının ölümü şübhəlidir. Şübhəli ölümlərin araşdırılması həm yaşayan qadınlar, həm də öldürülən qadınlar baxımından önəmlidir. Çünki bir ölüm şübhəli qaldığı zaman sanki başqa bir qadının öldürülməsi üçün resept təqdim edilir. Bu il gördük: samuray qılıncı ilə bir qadın öldürüldü və deyildi; “Qadınlar zəifdirlər və bizə cavab verə bilməzlər”. Kişilər belə düşünürlər. 2021-ci il qadınlar üçün ağırılı il oldu. Gender bərabərsizliyi baxımından 2021-ci ili yaxşı qiymətləndirmək və hesabat hazırlamaq lazımdır. Siyasətdə, universitetdə, küçədə, hər yerdə qadına qarşı zorakılığa son qoymaq üçün səfərbər olunmalı, çalışmaq lazımdır. Bilirik ki, hər qadın qətlində bir-iki gün qəzəb, bir-iki gün keçici sözlər qadın yarasına dərman ola bilməyəcək. Biz gender bərabərsizliyini aradan qaldıracaq siyasətlər istəyirik”.
İstanbul Vəkillər Kollegiyasının Qadın Hüquqları Mərkəzinin rəhbəri, vəkil Şükran Əroğlu, hazırda Türkiyədə qadın cinayətlərinin normal qarşılandığına diqqət çəkərək, “Təhsil mexanizmləri yetərli deyil. Biz həmişə deyirik ki, günahkarlar ən ağır cəzanı almalıdırlar. Ancaq bu, yalnız günahkarların ən ağır cəzasını alması ilə bitəcək vəziyyət deyil. Ağır cəza ilə yanaşı, gender bərabərliyi təlimi də verilməlidir. Türkiyədə cinsiyyətçi diskurslar bu qətlləri çox alovlandırır. Biz də gecə yarısı qərarı ilə İstanbul Konvensiyasından çıxdıq. Bu vəziyyət cinayəti törədənləri həvəsləndirdi, qadın qətlləri artdı. Effektiv qanunların olmaması kişiləri həvəsləndirir”.
13 ildə 3719 qadın öldürülüb
Türkiyə Qadın Dərnəkləri Federasiyasının 13 illik qadın cinayətləri statistikasına görə; 2008-2021-ci illər arasında 3719 qadın qətlə yetirilib. Qadın cinayətlərinin illər üzrə bölgüsü aşağıdakı kimidir:
2008: 66
2009: 120
2010: 203
2011: 130
2012: 145
2013: 231
2014: 290
2015: 293
2016: 289
2017: 350
2018: 405
2019: 421
2020: 409
2021: 367
Hazırladı: Turan