Qırğızıstan qardaş qırğınına qatılmaq istəmədi

Ancaq Kremlin təzyiqindən sonra fikrindən daşınmalı oldu

"Bu cür “geri dönüş” göstərir ki, Qırğızıstan hökuməti qətiyyətli duruşdan acizdir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlıların sayı açıqlanıb. 3770 hərbçinin daxil olduğu kontingentdə ən çox hərbçi Rusiya ordusuna məxsusdur. Rusların sayı 3000 nəfərdir. İkinci yerdə 500 hərbçi ilə Belarus, üçüncü yerdə isə 200 hərbçi ilə Tacikistan dayanır. Ermənistan isə 70 hərbçi ilə sonuncu yeri tutur. Məlum olduğu kimi, KTMT-nin üzvü olan Qırğızıstan ilk başda Qazaxıstana hərbçi göndərməkdən imtina etmişdi. Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi Qazaxıstandakı etirazçılara qarşı hərbçi göndərməyəcəklərini açıqlamışdı. Bəyan etmişdi ki, hərbçilər göndərilsə belə, bu, humanitar xarakterli olacaq. 

Hökumətin qətiyyətli qərarı qırğız ictimaiyyəti tərəfindən də məmnunluqla qarşılanıb. Sosial Demokratlar partiyasının sədri Temirlan Sultanbekov qardaş qırğınının yolverilməz olduğunu bəyan edib: “Allah eləməsin, sabah Qazaxıstanda əsgərlərimiz ölsə, bu, Nazarbayev-Tokayev üçün baş verəcək?! Mitinqlər dayanmasa, əsgərlərimiz qardaşlarımızı güllələməyə məcbur olacaqlar. Siz başa düşürsünüz ki, ölkəmizə qardaş Qazaxıstan xalqı nifrət edə bilər?! Tələb edirik, ictimai rəy nəzərə alınsın və qoşunlarımızdan heç vaxt qardaş xalqa qarşı istifadə olunmasın. Bunun əvəzinə mümkün qayğı göstərmək üçün Qırğızıstandan ən yaxşı cərrahları və digər həkimləri Qazaxıstan xəstəxanalarına göndərin!”. Lakin parlamentdə çıxış edən Qırğızıstan Nazirlər Kabinetinin rəhbərinin müavini Kamçıbek Taşiyev bildirib ki, Qırğızıstan Qazaxıstana 150 hərbçi və 19 hərbi texnika göndərməyi planlaşdırır. Görünür, Qırğızıstanın imtinasından sonra Moskva rəsmi Bişkekə qarşı təzyiq rıçaqlarını işə salıb. Məhz bu səbəbdən qırğız hökuməti qərarına yenidən baxmağa məcbur olub. 

Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında bildirib ki, Qırğızıstanın Kremlin açıq-aşkar təzyiqindən sonra mövqeyini dəyişməyə məcbur qaldığı gün kimi aydındır. Analitikə görə, bu cür “geri dönüş” göstərir ki, Qırğızıstan hökuməti qətiyyətli duruşdan acizdir:

 “Sabiq prezident Əskər Akayev devriləndə çoxları sevinirdi ki, rusyönlü prezident getdi, bundan sonra Qırğızıstanda demokratiya olacaq. Düzdür, indiki prezident Sadır Japarovun dövründə Akayevlə müqayisədə yumşalma var. Amma Qırğızıstan “banan ölkəsi”nə çevrilib və tamamilə Rusiyanın nəzarətinə keçib. 5 ildən bir çevriliş olur və tayfalar hakimiyyətdə bir-birini əvəzləyir. Qırğızlar qazaxların üzərinə qoşun göndərməməlidir. Hər iki xalq bir-birinə çox yaxındır, demək olar ki, eyni millətdir. Amma Qırğızıstan Moskvanın təzyiqləri qarşısında tab gətirmək iqtidarında deyil”.