Rusiyadan kritik addım!- Belarusa iki S-400 göndərib

Ukrayna ilə gərginliyin yaşandığı bir vaxtda Rusiya kritik addım atıb.
"Sherg.az" xəbər verir ki, rəsmi Moskva hərbi təlimlər üçün Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərib.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada S-400-lərin Belarusda Kreml ilə “Müttəfiq Qətiyyət-2022” adlı ortaq hərbi təlimə qatılacağı bildirilib.

Təlim üçün Belarusa S-400-lərdən əlavə, “Pantsir-S” hava hücumundan müdafiə raket kompleksləri və 12 ədəd “Su-35” döyüş təyyarəsi göndəriləcək. “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi fevralın 10-da başlayacaq.
Bu arada Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən ələ keçirilmiş Krımın yaxınlığında reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə hərbi təlim keçirib.
Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, təlimdə BM-21 “Qrad” model çoxbarrelli reaktiv yaylım atəşi sistemlərindən istifadə edildiyi diqqətə çatdırılıb.
 Krım yaxınlığındakı Xerson bölgəsində keçiriləcəyi bildirilən təlim ordunun qəfil vəziyyət dəyişikliyinə hazır olması üçün həyata keçirildiyi qeyd olunub.
Mövzu ilə bağlı ABŞ Dövlət Departamenti və Pentaqondan heç bir açıqlama verilməyib.
Digər tərəfdən, Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Aleksandr Lukaşeviç NATO ölkələrinin Ukraynaya silah və hərbi personal göndərməsi xəbərindən narahat olduqlarını söyləyib.
"Kanada xüsusi təyinatlılarının hava yoluyla Ukraynaya göndərilməsi və daha çox silah göndərilməsi üçün hazırlıq görülməsi ilə bağlı xəbərlərdən də narahatıq. Onlar orada nə edəcəklər?", - deyə Lukaşeviç bildirib. 
Böyük Britaniyanın baş naziri Boris Conson  verdiyi açıqlamada Rusiya ordusunun Ukraynaya mümkün hücumunu dəyərləndirib.
İngiltərənin Ukraynanın suverenliyinə dəstəyini təkrarlayan B.Conson, "Rusiya Ukraynaya istənilən miqyasda hər hansı bir hücum edərsə, bu, təkcə Rusiya üçün deyil, həm də dünya üçün fəlakət olacaq" deyə vurğulayıb.