ABŞ məhz münaqişələr üzərindən dünyanı idarə etməyə çalışır və xaos içərisində özünün liderliyini təmin edir
Elşad Mirbəşiroğlu: Məhz "ərəb baharı" da demokratların hakimiyyəti dövrünə təsadüf etmişdi
Məlum olduğu kimi, Yaxın Şərqdə baş verənlər dünyanı aldadan Blinkenin oyunlarıdır. O, Qəzzada, Livanda baş verən faciənin baiskarıdır, əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb.
Mübaliğəsiz demək olar ki, bu gün dünya xalqları ABŞ-a inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. Bu, Bayden Administrasiyasının və Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir.
Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun əsas məqsədi gedən ayaqda bir sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq olsa da, bu, alınmadı.
Eləcə də onun Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı. Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə, feminizm, LGBT ideyalarının hökmranlığına aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biridir. Təsadüfi deyil ki, Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da oldu. Bayden Administrasiyası və Blinken tarixdə dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi tarixdə qalacaqlar. Bu fəaliyyət həm Amerika, həm onun dünyada imici üçün çox baha başa gəldi və iqtidarı qazanmış Trampın işini çox ağırlaşdıracaq.
Politoloq Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, ABŞ və bir sıra Avropa ölkələri dünyada əsas münaqişə ocaqlarının yaradıcısı rolunda çıxış edir:
"ABŞ tarixən münaqişə yaradıb onları idarə etməklə özlərinin digər xalqlar və dövlətlər üçün olan təhlükəli olan ambisiyalarını həyata keçirməyə çalışıblar. Bu gün aktiv fazada olan bir çox münaqişəsinin ocaqlarında ABŞ-nin bu və ya digər təhrikedici və ya qızışdırıcı rolu mövcuddur. 2011-ci ildə "ərəb baharı" deyilən bir proses start götürdü. Əslində bu, ötən əsrin 70-80-ci illərində həyata keçirilməsi planlaşdırılırdı. ABŞ öz müttəfiqləri ilə bütövlükdə Yaxın Şərqi yenidən şəkilləndirmək niyyətini güdürdü. "Ərəb baharı" əhatə etdiyi yaxın coğrafiyada nə qədər dinc insanın həyatına bais olduğunu, ölkələrin iqtisadiyyatını məhv etdiyini, tarixi-mədəni abidələrin dağıldığını və genefonda ciddi zərər dəydiyini biz müşahidə etdik. Lakin bütün bunların ABŞ üçün elə də əhəmiyyəti yox idi. Əsas onların ambisiyalarının həyata keçirilməsi idi. Nəzərə almaq lazımdır ki, məhz "ərəb baharı" da demokratların hakimiyyəti dövrünə təsadüf etmişdi. Digər tərəfdən Barak Obamanın rəhbərliyi dövründə İŞİD kimi terrorçu təşkilat meydana gəldi. Bunun yaradılmasında ABŞ-nin rolu barədə kifayət qədər əsaslar var. İŞİD Yaxın Şərqdə sürətlə əraziləri tutmağa, qeyri-qanuni neft məhsullarının ticarəti ilə məşğul olmağa başladı. Elə bu gün də həmin torpaqlarda, xüsusilə də Livanda, Qəzza bölgəsində davamlı olaraq dinc insanların qanı tökülməkdədir. ABŞ-də demokratlar, xüsusilə də Co Baydenin administrasiyası bunu sadəcə olaraq növbətçi bəyanatlar verməklə müşahidə edirlər. Onlar guya bir tərəfdən insanların öldürülməsinə qarşı çıxır, digər tərəfdən isə münaqişə vəziyyətlərinin kəskinləşməsi üçün əllərindən gələni əsirgəmirlər".
Politoloq vurğulayıb ki, ABŞ münaqişələri aradan qaldırmaq gücünə malik olsa da, onun sərgilədiyi mövqe bunun əksini deyir:
"Bayden administrasiyası bir çox ölkədə faşizm ideyalarının yayılmasında və inkişaf etdirilməsində maraqlıdır. Hər şey sanki İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. O zaman da Almaniya, İtaliya və İspaniyada faşizmin hakimiyyətə gəlməsində ABŞ-nin rolu olmuşdu. Bu gün də Ermənistanda həmin mövqedən çıxış edən siyasi qruplara geniş meydan verir. Eyni zamanda ölkənin mərkəzində faşistlərin əlaltısı olmuş Qaregin Nijdenin heykəli ucaldılıb. ABŞ bununla bağlı heç bir mövqe nümayiş etdirməyib. Eləcə də Avropa ölkələrində ifrat sağçıların faşist ideyalarını dəstəkləyənlərin daha geniş imkan sahibi olmaları üçün əlindən gələni edir. Bu isə bütövlükdə qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır".
Elşad Mirbəşiroğlu əlavə edib ki, hazırda Ermənistan ABŞ-nin forpostuna çevrilib:
"İki ölkə arasında imzalanmış tərəfdaşlıq sazişindən sonra ABŞ-ın xüsusi mühafizə dəstələrinin Ermənistana göndəriləcəyini Blinken bəyan etdi. Bütün bunlar onu göstərir ki, ABŞ Ermənistandan istifadə etməklə Cənub Qafqazda yenidən münaqişə elementlərini formalaşdırmağa çalışır. Nəticədə onsuz da "kövrək" olan regional təhlükəsizlik üçün böyük təhlükə yaradır. Azərbaycan öz gücü və iradəsi ilə ərazilərini Ermənistanın işğalından azad etdi. Lakin ABŞ-nin konqresində Azərbaycana qarşı qərəzli müzakirələr təşkil olunub. Ümumiyyətlə ABŞ məhz münaqişələr üzərindən dünyanı idarə etməyə çalışır və xaos içərisində özünün liderliyini təmin edir".