Vəkil: “İl ərzində dünyada 16 milyon qız erkən nikahın qurbanı olur”

“İl ərzində dünyada 16 milyon qız erkən nikahın qurbanı olur. Bu statistik rəqəmlər onu göstərir ki, bu bir bəladır və tək bizim ölkədə deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının üzvü Aslan Mikayılov AzTV-nin efirində qonaq olarkən deyib.

Onun sözlərinə görə, bu, baş verən hadisələrin çox az bir qismidir:

“Mən statistik tərəfini dedim. Erkən nikahlarla bağlı qanunvericilikdə müvafiq maddə var. Bu, Cinayət Məcəlləsinin 152-ci maddəsində öz əksini tapıb. Bir cinayətə görə cəza verməkdənsə, o cinayətin qarşısını almaq yaxşı olardı. Bu kimi hadisələrdə hər birimizin günahı olur”.

Qeyd edək ki, efirdə səsləndirilən məlumata görə, bu günədək dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 16 milyon qız 18 yaşına çatmamış evlənir. Bu isə hər dəqiqə ərzində 28 qızın erkən nikaha daxil olması deməkdir.