Qurbanqulu Berdiməhəmmədovun oğlu yeni prezident seçilə bilər

40 yaşlı Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki 2-ci şəxs sayılır

"Berdiməhəmmədov əslində elə Qazaxıstan senarisindən qorxub bu addımı atır. Buna görə də hələ gücü yerindəykən varisini möhkəmləndirmək istəyir"

   Türkmənistanda martın 12-də keçiriləcək növbədənkənar prezident seçkisi üçün seçki kampaniyasına start verilib. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkinin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər. Hazırda Türkmənistanda üç siyasi partiya var. Bunlar hakim Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

2017-ci ildəki seçkilərdə prezident vəzifəsinə 9 namizəd qeydə alınmışdı. Mümkündür ki, budəfəki seçkilərdə də müxalifət partiyalarının namizədləri həmin şəxslər olsun. Amma bəlli olan odur ki, hakim Türkmənistan Demokratik Partiyasının namizədi bu il prezident Qurbanqulu Berdiməhəmmədov olmayacaq. O, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışı zamanı dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi” üzvü Turan Rzayev deyib ki, 2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddətinin bitməsinə hələ iki il var. Analitik bildirib ki, o, gənc nəsil deyərək əslində ailə üzvlərindən birini - oğlu Sərdar Berdiməhəmmədovu nəzərdə tutur:

“Prinsip etibarilə Türkmənistan Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü olan 40 yaşlı Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki 2-ci şəxs sayılır. Bundan başqa Sərdar Berdiməhəmmədov hələ keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda da çalışıb. Ölkə qanunvericiliyinə görə, Sərdar Berdiməhəmmədov yeni prezident seçilə bilər”. 

Politoloq “Berdiməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilərmi” sualını bu cür cavablandırıb: 

“Berdiməhəmmədovun prezident postunu oğlu Sərdara verib parlamentin yuxarı palatasında fəaliyyətini davam etdirməsi onun da sonunun Nazarbayevlə eyni ola biləcəyi ehtimallarını yaradır. Berdiməhəmmədov əslində elə Qazaxıstan senarisindən qorxub bu addımı atır. Buna görə də hələ gücü yerindəykən varisini möhkəmləndirmək istəyir. Bu, həm də türkmən xalqının başını qatmaq üçün atılan addımdır. Yeni prezident türkmən xalqı üçün “yeni ümid” kimidir. Prinsip etibarilə Şimali Koreyadan sonra dünyanın ikinci totalitar ölkəsi olan Türkmənistan xalqı üçün “alternativ” yalnız mövcud iqtidarın yeni namizədi ola bilər. Ciddi müxalifətin olmadığı Türkmənistanda xalqın yeni prezidentə etimadı böyükdür.
  Bununla belə Qurbanqulu Berdiməhəmmədovun aqibətinin Nazarbayevlə eyni olması onun Kremlə qarşı atacağı addımlardan asılı olacaq”.