Rusiya Ukraynadakı hərbi əməliyyatlarına davam edir. İnsanlar yaralanıb, hətta ölənlər var. Kiyevdə sakinlər şəhəri boşaldıb. Dünya “Şimal ayısı”nı aqressiv siyasətindən əl çəkməyini tələb edir. Avropa İttifaqı ölkələri sanksiyalarla bağlı razılığa gəlib.
Həmçinin Rusiya əhalisi etiraz aksiyaları keçirib. İnsanlar öz ölkə rəhbərlərinin işğalçı rejimini dəstəkləmir.Ukrayna xalqının yanında olduqlarını bildirirlər. Ukrayan lideri Volodimir Zelenski də onlara müraciətində dayanmamaqlarını istəyib.
Vəziyyəti "Sherg.az"a şərh edən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Ukrayna-Rusiya münasibətlərinin son gedişatından bəhs edib:
"Artıq Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bu proseslərin həlledici rolu üçün müsbət cavab verib. Ola bilsin ki, atəş dayandırılsın. Rusiya və Ukraynanın müdafiə nazirləri, xarici işlər nazirləri və Prezident Administrasiyası nümayəndələri tərəfindən yüksək səviyyəli görüşlər ola bilər.
Düzdür, Zelenski və Putin həddində olmayacaq. Amma ölkə rəsmilərinin görüşməsi işartıları özündə ehtiva edir. Rusiyanın məqsədi aydındır. Ukrayna öz prioritetini bildirməlidir, NATO-ya rəsmən qoşulmaqdan imtina etməlidir. Təbii ki, danışıqlar olsa da, Kreml rəhbərliyi bunları mütləq tələb edəcək".
Cəmilə ƏZİM