NATO-nun qorxduğu baş verdi! 

BBC analitiki: “Yeni Əfqanıstan doğulur” 

   Rusiya Prezidenti Putinin göstərişi ilə başlayan işğal Moskvanın gözlədiyi kimi nəticələnmədi. “Şərq” Türkiyənin “Milliyet.com.tr” saytına istinadən xəbər verir ki, Kremlin nüvə maşınlarını işə salacağını deməsi müharibəni başqa mərhələyə daşıya bilər. BBC analitiklərinin fikirlərinə yer verən nəşr vurğulayıb ki, Kremldə yüksək səviyyəli müdafiə rəsmiləri ilə görüşən Putin Qərbin Rusiyaya qarşı düşmən addımlar atdığını və “qeyri-qanuni iqtisadi sanksiyalardan” istifadə etdiyini bildirib. Putin nüvə enerjisini gündəmə gətirməsinə səbəb kimi NATO rəsmilərinin “aqressiv bəyanatlarını” göstərib. BBC-nin təhlilinə görə, bu addım Putinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qəzəbini, həmçinin ölkəsinin NATO təhlükəsi altında olması ilə bağlı “paranoyasını” göstərir. Bəyanat Qərbdə də böyük diqqət çəkib.

Vurğulanıb ki, NATO-nun Ukraynaya qoşun yeritməyəcəyini açıqlamasının səbəbi budur. Rusiyanın işğalı planlaşdırıldığı kimi getmir. İşğalın 5-ci günündə hələ də Ukraynanın heç bir böyük şəhəri Rusiyanın nəzarətinə keçməyib və Rusiya ağır itkilər verir. Bu, Moskvada səbirsizliyə və məyusluğa səbəb olur. Nəşr yazıb ki, Putin Ukraynanın tamamilə Rusiyanın təsiri altında olmasını istəyir. Zelenski isə ölkəsinin müstəqilliyini müdafiə edir. Burada güzəştə getmək çətindir. Qərbə edilən nüvə xəbərdarlığını da əlavə etsək, yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı təcavüzünün güclənməsinin və mülki insanların həyatına daha az diqqət yetirildiyinin şahidi ola bilərik. 

Putin üçün Ukrayna Əfqanıstana dönə bilər 

Tarix müharibəyə başlamağın onu bitirməkdən qat-qat asan olduğunu göstərən nümunələrlə doludur. ABŞ-ın 2001-ci ildə Əfqanıstana və 2003-cü ildə İraqa müdaxiləsi şübhəsiz ki, bu nümunələrdən ikisidir. Vladimir Putin üçün Ukrayna belə bir nümunə ola bilər: “Deyirlər ki, bütün hərbi planlar ancaq düşmənlə ilk təmas anına qədər qüvvədədir. Eyni sözləri Rusiyanın Ukraynadakı planları haqqında da demək olar. Təhlükəsizlik eksperti Ed Arnold deyir ki, Rusiyanın ilk hücumları təsirli olmayıb və gözləniləndən daha yavaş olub. Onun fikrincə, bunun bir çox səbəbi var. İşğallarda istifadə edilən hərbi doktrinanın adətən düşmən ölkəyə böyük güclə girmək olduğunu ifadə edən Arnold, Rusiyanın Ukrayna ətrafındakı 150-190 minlik əsgərinin hamısından hələ də istifadə etmədiyinə diqqət çəkib. Rusiya gözlənildiyi qədər hava zərbələri və artilleriya atəşi həyata keçirməyib. Britaniya ordusunun yüksək rütbəli komandiri Riçard Barrons isə bu fikirdədir ki, Rusiya qısa zamanda hərbi məqsədlərinə çata bilər. Barrons deyir ki, Rusiyanın hücumunun ilkin məqsədləri Ukrayna ordusunu dağıtmaq, mərkəzi hökuməti devirmək və Ukraynanın bir hissəsini ilhaq etmək olub. Görünür, Rusiya bu məqsədlərin bəzilərində irəliləyiş əldə edib. Ukraynanın cənubunun işğalını genişləndirən rus qoşunları 2014-cü ildə işğal etdikləri Rusiya ilə Krım arasında quru əlaqəsini təmin ediblər. Arnold isə bunun "kiçik hədəf" olduğunu bildirib. Ciddi müqavimət mərkəzi olan paytaxtın ələ keçirilməsi əsas hədəflərdən biridir. Vladimir Putin Zelenskinin demokratik yolla seçilmiş hakimiyyətini öz rejimi ilə əvəz etmək istəyir. Ukraynanın şərqində rusiyayönlü tərəfdarlar olsa da, Rusiyanın təyin etdiyi hökumət 40 milyondan çox əhalinin razılığını almaqda çətinlik çəkəcək”.