Ukrayna Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi qətnamədən razı deyil


Ukrayna Prezidenti Aparatı Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi qətnamədən çox da razı deyil.

Bu barədə aparat rəhbərinin müavini İqor Jovkva “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Bu, şübhəsiz ki, dünən çoxlarının düşündüyü kimi Ukraynaya namizəd ölkə statusu vermək deyil. Avropa Parlamentinin sadəcə olaraq belə səlahiyyətləri yoxdur. Amma onun edə biləcəyi və etməli olduğu şey indiki şəraitdə cəsarətli siyasi qərarlar qəbul etmək idi. Müharibə, bütün Aİ institutları və üzv dövlətlərin diqqətini çəkməlidir. Təəssüf ki, qətnamənin müvafiq müddəaları belə bir göstəriciyə çevrilmədi”, - deyə Jovkva bildirib.

O, qeyd edib ki, adi və uzun sürən rutin bürokratik prosedur Ukrayna tərəfindən görünməmiş sürətlə tamamlanmalıdır.

“Dövlətimiz buna hazırdır. Biz Brüsseldən və bütün üzv dövlətlərin paytaxtlarından da eyni hazırlığı görmək istəyirik”, - o, vurğulayıb.

Qeyd edək ki, martın 1-də Avropa Parlamenti Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi ilə bağlı qətnaməni dəstəkləyib.

Qətnamə məsləhət xarakteri daşıyır və Avropa Parlamentinin Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi məsələsini dəstəkləməsinin özü bunun mütləq baş verəcəyini göstərmir.

Mənbə: “Unian”