Moskva məktəblərinin birində müəllim işləyən soydaşımız Kamran Manaflı dünyanın gündəmindədir. Həm də, örnək davranışı ilə. Dünya Rusiyada yaşayan bu azərbaycanlıdan danışır. Məlumdur ki, Rusiya Ukraynaya hərbi təcavüzünü “sülh” pərdəsinə bürümək üçün təbliğat maşınından geniş istifadə edir. Təbliğata tədris müəssisələri də cəlb edilib.
Sosial mediada yer alan xəbərə görə, Moskva məktəblərinin rəhbərləri ilə görüş keçirilib və xüsusi təlimat verilərək şagirdlərə Ukraynadakı situasiyanın “başa salınması” tapşırılıb. Tapşırıq bütün təhsil müəssisələrinə çatdırılıb. Lakin həmyerlimiz Kamran müəllim təlimatı qəbul etməyib. Coğrafiya müəllimi işləyən Kamran Manaflı instagram hesabında Ukraynada aparılan müharibə əleyhinə post paylaşıb. Məktəbin baş müəllimi Kamran Manaflıya zəng edərək postu silməsini tələb edib, əks halda işdən çıxarılacağını bildirib. Soydaşımız isə postu silməyəcəyini deyib və “istəyirsiniz, məni işdən çıxarın, postu silməyəcəm”, söyləyərək ədaləti işdən çıxarılmaqdan üstün tutub. K.Manaflının addımı rusiyalı şagirdlərin və valideynlərin rəğbətini qazanıb, paylaşdığı post dəfələrlə təkrar paylaşılıb. Azərbaycanlı müəllimin mərdliyi artıq dünya mediasında xəbərə çevrilib.