“Hizbullah” yaraqlılarını Ukraynaya göndərməyə hazırlaşır

Bu terror təşkilatının əsas hərbi və maliyyə dəstəkçisi İrandır

Rusiya nəşrlərinin məlumatına görə, Moskvaya bağlı “Vaqner” özəl hərbi şirkətinin nümayəndələri Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı “Hizbullah” yaraqlılarının Ukraynaya göndərilməsinə dair razılığa gəlib. Razılaşmaya görə, 800 “Hizbullah” döyüşçüsü Ukraynaya döyüşmək üçün göndəriləcək. Ekspertlərin fikrincə, prinsip etibarilə “Hizbullah”ın gec-tez Ukrayna-Rusiya müharibəsinə bu və ya başqa formada Kreml tərəfindən qoşulacağı bəlli idi. 

Xüsusilə ABŞ tərəfi bu iddianı tez-tez dilə gətirirdi. Hətta rəsmi Vaşinqton “Hizbullah”ın Rusiya-Ukrayna müharibəsində Kremlə ehtimal dəstəyinin qarşısını almaq üçün qruplaşma ilə əlaqəsi olan 3 Livan vətəndaşını və 10 şirkəti sanksiya siyahısına daxil etmişdi. Bir müddət öncə Ukrayna Baş Qərargahı Rusiyanın hərbi əməliyyatlara Bəşər Əsədin muzdluları ilə yanaşı, “Hizbullah” döyüşçülərini də cəlb etdiyini bildirmişdi. Göründüyü kimi “Hizbullah” qeyri-rəsmi də olsa bir müddətdir Ukrayna-Rusiya müharibəsində Kreml tərəfindən Əsəd qüvvələri tərkibində döyüşür. “Vaqner” nümayəndələri ilə “Hizbullah” qruplaşması arasında əldə edilən son razılaşmadan sonra isə hərəkatın birbaşa Kreml tərəfindən Ukrayna müharibəsində döyüşəcəyi rəsmiləşdi. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, “Hizbullah”ın Suriyanın Hums əyalətində səfərbərlik bürosu açmaq xəbərləri yayılıb. Analitikə görə, digər şöbə Livanın paytaxtı Beyrutda açılıb. Ekspertin fikrincə, “Hizbullah” yaraqlılarının Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır: 

“200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir. Əslində üzdə “Hizbullah”dır, pərdə arxasında isə Tehrandır. 

“Hizbullah”ın qısa zamanda təşkilatlanması, maliyyə resursu əldə etməsi mümkün deyil. Təşkilat bu hazırlığı həftələr öncədən görüb. “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır. 

Bu terror təşkilatının əsas hərbi və maliyyə dəstəkçisi İrandır. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya son səfəri sonrası “Hizbullah”ın belə bir qərar verməsi təsadüfi deyil. 

Məsələ ondadır ki, səfər çərçivəsində Rusiya ilə İran arasında gizli anlaşma əldə edildiyinə dair xəbərlər mövcuddur. 

Aydındır ki, İran Moskvanın yeni nüvə anlaşmasını canlandırmasını dəstəkləməsi müqabilində Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya kömək edəcəyinə söz verib. İndiki halda Rusiyaya kömək məhz “Hizbullah” üzərindən mümkündür”.