Rusiya aviaşirkətləri müflis olmaqdan xilas ola bilməyəcək
Ukraynaya hərbi təcavüzünə görə iqtisadi sanksiyalarla üzləşən Rusiyanın mülki aviasiyası da zərbə alıb. Avropa dövlətlərinin bir çoxu hava sahəsini Rusiya təyyarələrinin üzünə bağladığından aviaşirkətlər ciddi problemlərlə üzləşib və müflis olmaq dərəcəsinə çatıblar. Rusiya aviaşirkətləri xarici xətlərdə uçuşları yalnız yerli istehsal təyyarələrlə icra edə bilir. Xarici reyslərdə olan təyyarələrə də Avropa dövlətləri tərəfindən embarqo qoyulub və onlar Rusiyaya qayıda bilmir.
Digər yandan işsiz qalan pilotlar da ölkəni tərk etməyə hazırlaşır. Eyni vəziyyət vaxtilə İran aviaşirkətləri ilə bağlı da baş verib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hazırda Rusiya aviaşirkətləri İranın vaxtilə tətbiq etdiyi təcrübədən yararlanmağa çalışır.
Hava yolları şirkətlərinin iqtisadi sanksiyalardan az itki ilə çıxmaq üçün sərnişindaşımanın miqyasını kiçildəcəyi, uçuş zolaqlarına enəcək təyyarələrdənsə yedək parça kimi istifadə edəcəkləri bildirilir. Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin təyyarə mühəndisliyi bölümünün başqanı, professor Melih Cemal Kuşhan isə qeyd edib ki, belə bir təcrübə Rusiya aviaşirkətlərini müflis olmaqdan xilas etməyəcək:
- Rusiya havayolları xarici xətt sərnişinlərinin böyük qismini əcnəbi şirkətlərə güzəştə getmək məcburiyyətindədir. Mövcud böhranı aradan qaldırmaq çox çətindir. Rusiya sərnişin təyyarələri Avropaya uça bilmir. Təyyarə reysləri ləğv edilməsə belə, təyyarələrə əlverişlilik sertifikatı verilməyəcək. Bu sertifikat olmadan da təyyarələr heç bir ölkəyə uça bilməz. Belə görünür ki, Rusiya yaxın zamanda bu böhrandan çıxa bilməyəcək. Rusiyanın Nəqliyyat naziri Vitali Savelyev də mövcud problemə toxunub və pilotların ölkədən ayrılacağına münasibət bildirib: “Ümidimizi hələ itirməmişik. Pilotlarımızı ölkədə saxlamaq üçün əlimizdən gələni edəcəyik.
Bu insanların ölkədən getməsi aviasiyamızın sonu anlamına gəlir. İrana qarşı 1995-ci ildən embarqolar tətbiq edilir, amma onların təyyarələri bu gün də havaya qalxır. Yedək parça olsa da, hava yolları şirkətləri işləyir. Biz də bu təcrübədən yararlanacağıq”.