Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqov vilayətlərinə hücumları azaltmaq qərarına baxmayaraq, hücumların hələ də davam etdiyinə diqqət çəkib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Ukraynadakı mövcud durum haqqında çıxış edən Zelenski heç kimin sözünə inanmadıqlarını bildirib.
“Bəli, danışıqlar prosesi davam edir. Amma bunlar boş sözlərdir. Hələlik heç bir dəyişiklik yoxdur. Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı başqa sözlər də var. Guya, bu istiqamətlərdə işğalçıların fəaliyyəti azalacaq. Biz bilirik ki, bu, diqqəti yayındırmaq deyil, geri çəkilməyin nəticələridir. Müdafiəçilərimizin işinin nəticəsidir.
Amma eyni zamanda görürük ki, rus qoşunları Donbasda yeni hücumlar üçün toplanır və biz buna hazırlaşırıq. Heç kimə inanmırıq, gözəl sözlərə inanmırıq. Döyüş meydanında real vəziyyət var. Ən əsası, heç nədən vaz keçməyəcəyik və hər qarış torpağımız uğrunda mübarizə aparacağıq”.