Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Kiyev və Moskvanın nümayəndələri Ukraynanın nüvəsiz, bloklardan kənar və neytral statusunu nəzərdə tutan razılaşmaya yaxındırlar.
Sherg.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri ABŞ-ın CBS telekanalının jurnalistlərinə müsahibəsində bəyan edib. Müsahibənin stenoqramı bazar günü ingilis dilində dərc olunub.
“Biz hesab edirik ki, tərəflər razılaşmaya nail olmağa çox yaxındır”, - deyə Volodimir Zelenski müsahibəsində bildirib. O qeyd edib ki, mümkün razılaşma ölkələrin rəhbərləri səviyyəsində təsdiq olunmalıdır.
Ehtimal olunan razılaşmanın məzmunundan danışan Zelenski əlavə edib ki, Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək, lakin, eyni zamanda Avropa İttifaqının üzvü olacaq.
“Bu razılaşmanın əsas hissəsi təhlükəsizlik zəmanətidir. Təhlükəsizlik zəmanəti bizim ölkəni dəstəkləyəcək dövlətlər dairəsinin mövcudluğunu nəzərdə tutur. Rusiya tərəfdən təcavüz olduğu təqdirdə, bu ölkələrin liderləri Ukraynaya müxtəlif yollarla kömək edəcəklər”, - deyə Ukrayna Prezidenti vurğulayıb.