Putin müharibəni 9 maya qədər uzadacaq


Moskvanın məqsədi Donbasda tutduğu əraziləri genişləndirməklə Krıma quru yolunu açmaq və əlavə torpaqlar ələ keçirməkdir

Rusiya və Ukrayna arasında başlayan müharibədən artıq 40 gün keçir. Bu müddət ərzində Ukraynanın əhalisi və infrastrukturu Rusiyanın isə iqtisadiyyatı çox ciddi zərbələr alıb. 
Eyni zamanda hər iki ölkənin yüzlərlə əsgər və zabiti döyüşlərdə həlak olub. 

 Müharibənin 40 gününu “Şərq”ə şərh edən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiya savaşı başlayanda "ildırımsürətli" müharibə kimi bitirmək istəyirdi:

“Hətta 48 saata döyüşü bitirmək qərara alınmışdı. Ancaq bir aydan artıq davam edən müharibə hələ də bitməyib, bilmir. Bu səbəbdən, Rusiya öz planlarında dəyişiklik etməyə məcbur qalıb.
Əvvəl iki istiqamətdə hücum əməliyyatı aparırdısa,  indi Kiyev və Çernobıl istiqamətində ordusunu çıxarmağa məcbur olub. Kreml artıq Kiyevi tutmaq fikrindən əl çəkib. İndi Rusiyanın bütün qüvvələri Krım, Odessa, Donetsk və Luqansk ətrafında cəmləşib. Moskvanın məqsədi Donbasda tutduğu əraziləri genişləndirməklə Krıma quru yolunu açmaq və əlavə torpaqlar ələ keçirməkdir. Rusiya Donetsk ətrafı əraziləri tamamilə boşaldıb Ukraynadan ayırmaq istəyir. Putin bu prosesi 9 may Qələbə Gününə qədər yekunlaşdırmaq niyyətindədir. Ukrayna da müharibənin həmin tarixə qədər bitməsinin tərəfdarıdır. 

Rusiyanın qalib gələ bilməməsinin əsas səbəbi Ukrayna xalqının yaxşı müdafiə olunmasıdır. Digər səbəb isə onun arxasında ABŞ, NATO və Avropa ölkələrinin dayanmasıdır”. 

Politoloq qeyd edib ki, çox güman ki, müharibə getdikcə qızışacaq:

 “Rusiya ərazilərini genişləndirməyə israrlıdır, digər tərəfdən də Ukraynaya NATO ölkələrindən yeni silahlar gəlir. Nəticədə hər keçən gün qarşıdurmanın şiddəti artır. 

Hər iki ölkəni yaxın 10-15 gündə ciddi döyüş gözləyir. Müharibə Rusiyanın sürətli şəkildə zəifləməsi  ilə nəticələnəcək. Ən sonda zəifləyən tərəflər danışıqlar masasına oturacaq”.