Rusiya-Ukrayna müharibəsinin qırılma nöqtəsi! - Döyüş meydanından masaya keçid? – Türkiyəyə ümid var!

Aprelin 4-də  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Danışıq zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib.Mövlud Çavuşoğlu Türkiyənin Ukrayna-Rusiya müharibəsində mövqeyinin dəyişməz olduğunu bildirib.

Analitik Aqşin Kərimov  Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki rolundan “Sherg.az”a danışarkən bildirib ki,rəsmi Ankara  hər iki tərəfin tərəzisində etibarlı tərəfdaş statusunu qazanıb:

 “Onun hazırkı mövqeyi hər iki tərəfi qane edir. Hərçənd ki, Rusiya Türkiyəni Ukrayna məsələsində öz orbitində görmək istəyirdi. Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması Ukraynanı qətiyyən narahat etmir. Çünki rəsmi Ankara Ukraynaya lazım olan dəstəyi nümayiş etdirir. Türkiyə hazırda müharibə alovunun sönməsi və sülhün təmini üçün çalışır və vasitəçilik missiyasında önə çıxır”.

A.Kərimov  martın 29-da Türkiyədə baş tutan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünə diqqət çəkib: 

“İstanbulda danışıqlar başlayandan sonra Rusiya qoşunlarının bir hissəsini işğal etdiyi ərazilərdən çəkib. Bu əsasən Rusiyanın hərbi uğursuzluğuna görə baş versə də,  belə nəticənin hasil olmasına İstanbul danışıqları da rol oynayıb.

Yəni Rusiya üçün razılaşma görüntüsü fonunda “qürurlu” geri çəkilmə görüntüsü lazım idi, bunu İstanbul danışıqları vasitəsilə etdi”. 

Siyasi şərhçinin qənaətincə, bundan sonra Ukraynada döyüşlərin davam edəcəyi, əsasən ölkənin şərq və cənub  istiqamətlərində döyüşlərin şiddətlənəcəyi gözlənilir: 

“Hazırda tərəflər döyüş meydanından masaya maksimalist tələblərlə getmək üçün hərbi əməliyyatları davam etdirirlər.

Ümumilikdə Türkiyənin vasitəçilik səyləri sülh üçün ümidləri cücərdir. Lakin rəsmi Ankaranın sülh prosesindəki rolu Qərbdəki bəzi dairələri qıcıqlandırır. 

Bu mənada Türkiyəyə qarşı  propaqanda dalğasının yeni mərhələsinin başlanması da gözləniləndir”.