BMT “dişsiz” təşkilatdır! – “Tərkibi dəyişdirilməli, TŞ üzvlərinin sayı..”



Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edib. Dövlət başçısı BMT haqqında danışarkən bu təşkilatın dünyada sülhü effektiv şəkildə təmin edə bilmədiyini bəyan edib : “Aydındır ki,təcavüzkarı sülhə məcbur edilməsini təmin etməli olan əsas institutut sadəcə olaraq effektiv işləyə bilmir ”. V.Zelenski “BMT yaradılarkən dünyada sülhün təmin ediləcəyinə dair verilən zəmanət haradadır?” sualını verib.

Siyasi şərhçi Fuad Abbasov  Ukrayna dövlət başçısının BMT-nin fəaliyyətsizliyi ilə bağlı  açıqlamasını “Sherg.az”a şərh edib:

 “BMT  İraq, Liviya  müharibəsində, eləcə də, “Ərəb baharı”nın meydana gəldiyi digər ölkələrdə öz fəaliyyətsizliyini göstərib. O mərkəzi ofisi Nyu-York şəhərində yerləşən və  Amerika siyasətindən asılı təşkilatdır. Artıq BMT-nin tərkibinin dəyişdirilməsi çox vacib şərt olaraq gündəmə gəlib. Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə “Dünya beşdən böyükdür”-, deyərək çağırış edib.Yəni təhlükəsizliklə bağlı qərarların verilməsində  sadəcə BMT üzvü olan beş ölkə deyil, digər ölkələr, eləcə də,Türkiyə iştirak etməlidir”. 

Analitik diqqətə çatdırıb ki, BMT ikinci dünya müharibəsindən sonra alınmış  qərarlar üzərində duran bir təşkilatdır: 

“O sadəcə beş ölkənin qərarı ilə fəaliyyət göstərir. Hətta Qarabağ məsələsində bu təşkilatın uzun illər öncə qəbul etdiyi qətnamələri Azərbaycan əsgərlərinin yerinə yetirdiyinin şahidi olduq. Bu onu göstərir ki, gec-tez BMT-nin strukturu dəyişdirilməli və Təhlükəsizilik Şurasının üzvlərinin sayı artırılmalıdır”.