“Simonyan və digərləri Qərbin hədəfinə tuş gəliblər”

“Çünki Ermənistan Kremlə böyük informasiya dəstəyi verir”

“Rusiyanın Ukraynada başlatdığı müharibədə erməni dezinformasiya maşını can-başla iştirak edir”


Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən danışarkən əksər hallarda ABŞ və Qərb ölkələrinin rəsmi Kiyevə verdiyi iqtisadi-siyasi dəstək, silah yardımı qabardılır. Təbii ki, bu məsələ önəmlidir, lakin indiki məqamda Kremlin işğalçı siyasətini açıqca dəstəkləyən, bu ölkəyə hərbi, informasiya, humanitar dəstək verən ölkələr haqda məlumatlar da mühümdür. 

Belə ölkələrdən biri də məhz Ermənistandır. Rəsmi İrəvan Qərbə “etibarlı tərəfdaş” olmaq üçün özünü Ukraynaya dəstək verirmiş kimi göstərməyə çalışır. Həqiqət isə odur ki, işğalçılığı dövlət siyasətinin priorteti halına gətirən rəsmi İrəvan Ukrayna-Rusiya müharibəsinin gedişində Kremlə açıq dəstək verməkdədir. 

Siyasi şərhçi Turan Rzayev xatırladıb ki, Ermənistan Ukraynaya qarşı Rusiyaya hərbi dəstək verməkdən belə çəkinməyib. Ekspert xatırladıb ki, Ermənistan martın 23-də 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib: 

“Paşinyan hər nə qədər xəbəri inkar edib dezinformasiya adlandırsa da, yayılan peyk görüntüləri bunu isbatladı. Bu, İrəvanın Rusiya-Ukrayna müharibəsində kimin tərəfində durduğunun açıq sübutudur. Rusiya ordusunun təkribində vuruşan yüzlərlə erməni əsilli rus vətəndaşlarla yanaşı, erməni könüllülər də var. Bu şəxslər tanklarına fəxrlə “Armenia” yazır, erməni bayraqlarını fəxrlə dalğalandırırlar. Az qala dünyanın hər yerində, o cümlədən Bakıda Ukraynaya dəstək mitinqləri keçirildiyi halda Ermənistanda Rusiya lehinə mitinqlər təşkil edildi. Bundan başqa rəsmi İrəvan müharibə başlayandan dəfələrlə Ukraynadakı separatçılara humanitar yardımlar göndərdi. Bu da öz növbəsində Ermənistanın Rusiyaya humanitar dəstəyini sübut edir”. 

T.Rzayev vurğulayıb ki, Ermənistan Rusiya-Ukrayna müharibəsində Kremlə böyük informasiya dəstəyi verir: 

“Rusiyanın Ukraynada başlatdığı müharibədə erməni dezinformasiya maşını da can-başla iştirak edir. Başda erməni əsilli Marqarita Simonyan olmaqla Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları Rusiyanın işğalçı siyasətini açıqca dəstəkləyir. İnformasiya propaqandasında ən aktiv şəkildə iştirak edən bu şəxslər təsadüfi deyil ki, Qərbin də hədəf oxuna tuş gəliblər. Simonyan və digərlərinin Qərb ölkələrinə səfər etməsi qadağan edilib. Adları qara siyahıya salınıb”.