Ermənistandakı proseslər Kremldən qaynaqlanır

“Moskva çalışır ki, danışıqlar üçün yaranmış mühiti yox etsin, ən yaxşı halda isə prosesi uzatsın”

“Hazırda erməni müxalifəti bu vəzifəni icra edir”

Moskva Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Putinin sözçüsü bildirib ki, 
Ermənistan Rusiyanın tərəfdaşı və böyük dostudur. Peskov həmçinin Ermənistanda müxalifətin mitinqlərini tamamilə İrəvanın daxili işi adlandırıb: “Bu, tamamilə və bütünlüklə Ermənistanın daxili işidir. Ermənistan bildiyiniz kimi, bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır.

Ermənistan bizim böyük dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın”. Kreml rəsmisi əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək.

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistandakı proseslər Kremldən qaynaqlanır. Ancaq ekspertə görə, Rusiyanın məqsədi hakimiyyət dəyişikliyinə nail olmaq deyil. Kremlin istəyi Ermənistanı qarışdırmaq, iddia edildiyinin əksinə vəziyyəti qeyri-stabil saxlamaqdır:

 “Moskva ölkəni qarışdırmaqla məşğuldur. Rusiya yaxşı bilir ki, Ermənistanda kimin hakimiyyətdə olmasının Kreml üçün ciddi fərqi yoxdur. Əsas məsələ qeyri-stabillikdir. Sabitlik olmayanda ölkəni idarə etmək asan olur. Rusiya Ermənistanı özünə qarşı ciddi təhlükə törədəcək potensiala sahib ölkə saymır. Ona görə də Ermənistanda “demokratiya” oyununa imkan yaradır. Moskva özünə təhlükə gördüyü qonşu ölkələrdə demokratik addımlara razı olmur. Uğurlara qısqanclıq və hədə ilə yanaşır. Elə bu səbəbdən üç aydır Ukraynada müharibə gedir. Ermənistan hakimiyyəti nə qədər qərbyönlü görünsə də, Rusiya üçün təhlükəli deyil”. 

A.Qasımovun fikrincə, Ermənistandakı qarışıqlıq isə Rusiyaya Azərbaycana görə lazımdır: 

“Moskva çalışır ki, danışıqlar üçün yaranmış mühiti yox etsin, ən yaxşı halda isə prosesi uzatsın. Hazırda erməni müxalifəti bu vəzifəni icra edir. Paşinyanı heç bir təhlükə gözləmir. Bir neçə il sonra seçki yolu ilə gedəcək və yerinə yeni paşinyanlar gələcək. Lakin dəyişən heç nə olmayacaq. Erməni cəmiyyətində qarşıdurmalar Rusiyanın Cənubi Qafqazda manevr imkanlarını artırır”.