“Qardaş ölkə sülh yaratma missiyasını üzərinə götürür”
“İstanbul görüşündə Ukrayna da, Rusiya da sülhə yaxınlaşmışdı. Ardınca bəzi hadisələr baş verdi”
“Görünür, müharibənin sona qədər getməsi Qərbin, ABŞ və Böyük Britaniyanın istəyidir”
Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Türkiyə Rusiya-Ukrayna böhranı başlayandan bəri vasitəçilik missiyasını təklif edib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fikirlərinə görə, həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırlar. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var. R.T.Ərdoğan söyləyib ki, Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəyə, nə də dünyaya faydası var.
Qardaş ölkənin balanslı diplomatiyası ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayevin qənaətincə, Türkiyə tərəflərlə milli maraqları çərçivəsində iqtisadi və siyasi partnyorluğunu irəlilətmək istəyir:
"Türkiyə həm Ukrayna, həm də Rusiya ilə iqtisadi və siyasi maraqları olan ölkədir. Rusiyadan enerji, təbii qaz, "S-400" zenit-raket kompleksi alır. Türkiyənin mebel sənayesi Ukraynadan gələn taxta materialları hesabına hazırlanırdı. Ukrayna Türkiyə üçün bazar idi. Ortaq raket və təyyarə mühərriki, PUA layihələri vardı. Müharibə Türkiyənin planlarına zərər vurdu.
Türkiyə Ukraynanın istədiyi kimi Rusiyaya müharibə edəsi, münasibətləri kəsib sanksiya qoyası deyil. Türkiyə Rusiyaya açıq şəkildə düşmənçilik mövqeyi göstərməyəcək. Qardaş ölkə sülh yaratma missiyasını üzərinə götürür. İstanbul görüşündə Ukrayna da, Rusiya da sülhə yaxınlaşmışdı. Ardınca bəzi hadisələr baş verdi. Ruslar cəbhə xəttində müəyyən qədər geri çəkildilər. Sonra qəfildən Ukrayna sülhdən imtina etdi.
Görünür, müharibənin sona qədər getməsi Qərbin, ABŞ və Böyük Britaniyanın istəyidir. Lakin Türkiyənin milli maraqlarına cavab vermir. Onun maraqları Qara dəniz bölgəsində, Türkiyənin ətraf ərazilərində dostluğun, sülhün, iqtisadi əməkdaşlığın olmasıdır.
Ona görə Türkiyə bir müddət tərəflər arasında balans yaratmaqda çətinlik çəkəcək. Münaqişə yekunlaşdıqdan sonra balans yaratmaq ehtiyacı duyulmayacaq".