600 il sonra ilk...

18 yaşlı qız taxt-taca iddialıdır

     Norveçdə 600 ildən sonra 18 yaşlı qız taxt-taca iddialıdır. Norveç şahzadəsi İnqrid Aleksandra 2004-cü ildə Osloda dünyaya gəlib. Onun dünyaya gəlişi kral ailəsinə diqqəti daha da artırıb. Çünki şahzadə 600 il sonra Norveç kral ailəsinin taxta çıxan ilk qadın hökmdar olacaq. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu günlərdə şahzadə İnqridin 18 yaşının tamam olması şərəfinə kral sarayında təntənəli mərasim təşkil edilib. Mərasimə məşhur isimlər, kral ailəsinin üzvləri qatılıblar. Şahzadəyə ünvanlanan məktublar da mərasimdə oxunub. 

Məktublardakı səmimi sözlərdən təsirlənən şahzadə göz yaşlarını saxlaya bilməyib. Əslində, şahzadənin ad günü yanvar ayında qeyd edilməliydi. Lakin pandemiya səbəbindən təntənəli mərasimin vaxtı uzadılıb. 

Şahzadə mərasimə tünd zoğalı rəngli ayaq ucunadək uzanan libasda, yaxasında medal, başında zərif tacla daxil olub. Şahzadəni atası, vəliəhd Haakon və həyat yoldaşı Mette-Marit, babası kral Harald və kraliça Sonya müşayiət edib. Həmçinin mərasimdə şahzadənin xaç anası şahzadə Mörtha Louise, xaç atası, ispan VI Filip və kraliça Letizia, Danimarka vəliəhdi şahzadə Frederik və İsveç vəliəhdi şahzadə Viktoriya da iştirak ediblər.

 İnqrid Aleksandra hazırda 18 yaşındadır, lakin o, atası – 48 yaşlı şahzadə Haakon vəfat etdikdən sonra  taxta çıxa biləcək. Bunun üçün atası  vərəsəlik qanununa dəyişiklik etməyi bacarıb. Dəyişiklik İnqrid Aleksandranın kiçik qardaşlarından əvvəl taxta çıxmasına izin verir. 18 yaşı tamam olmuş şahzadə artıq kral  sarayındakı toplantılara qatılır, dövlət işləriylə maraqlanır. 

Qarşıdakı illər ərzində şahzadə İnqridin cəmiyyətdə daha çox görünəcəyi, dövlət işləriylə daha çox məşğuıl olacağı bildirilir. Kral ailəsi şahzadənin məsuliyyətinin artırılmasını istəyir. Bununla yanaşı şahzadə təhsilini də davam etdirəcək.