Əfqan qadınları ninza sirlərinə yiyələnir

Onların məqsədi vətənlərini dünyada tanıtmaqdır

     Əfqanıstandakı müharibədən İran ərazisinə qaçmış əfqan qadınlar vətənlərinə xidmət etmək üçün ninza sirlərinə yiyələnməyi qarşılarına məqsəd qoyub. Əfqan qadınlar Uzaq Şərq idman növlərini və döyüş üsullarını öyrənməyə can atır, beynəlxalq yarışlarda iştirak etməyi arzulayırlar. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, İranın paytaxtı Tehranda Uzaq Şərq İdman növləri üzrə təlim keçən əfqan Fəriba Niməti müdafiə sənətiylə maraqlanan əfqan qadınlardan ibarət “Kabura Vəhdət Komandası”na ninza idman növünün sirlərini öyrədir. 

Bununla, əfqan qadınlar dünyadakı həmcinslərindən heç nəylə fərqlənmədiklərini sübut etməyə çalışır. Niməti 10 ildir bu sənətlə məşğuldur. Bundan əvvəl əfqan qaçqın qadınlarından ibarət həndbol və voleybol komandası da formalaşdırıb Əfqanıstana göndərib. “Kabura Vəhdət Komandası”nda hər yaş qrupuna yer verilir. Burada 5 yaşlı uşaq da var, 22 yaşlı gənc analar, qızlar da. 

Onlara təkcə ninza sənəti yox, tayekvando, Kung-fu, gimnastika, nin-jut-su  kimi idman növləri də öyrədilir. Məqsədləri komandanı dünyaya tanıtmaqdır. Nimeti verdiyi açıqlamada deyib ki, bu vaxta qədər qaçqın əfqan qadınları ancaq dərzilik edir, əkinçiliklə məşğul olurdular. 

Əfqan qadınlarını kimsə idmançı olaraq  görməmişdi. Əfqan qadınları artıq dünyaya fərqli mesajlar verməyə başlayır. Bacarıqlarını göstərirlər. 

Əfqan qadınlarının arzusu ölkələrini beynəlxalq yarışlarda təmsil etmək və bayraqlarını ucaltmaqdır. Hətta kiçik qızlar da bir gün vətənlərinə qayıdıb orada idman sahəsini təmsil etmək, vətənlərini dünyada tanıtmaqdır. 

Çünki Vətən Anadır. Əfqan qadınlarsa analarından uzaq salınıb.