Rusiya XİN: “Əfqanıstandakı partlayışda iki diplomatımız həlak olub” – YENİLƏNİB + VİDEO

Əfqanıstan paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-nin məlumatına görə, hazırda Rusiya səfirliyi Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqədədir.
Partlayış nəticəsində ölən Əfqanıstan vətəndaşlarının sayı isə altı nəfərdir, 15 nəfərin yaralandığını bildirilir.

12:16
Rusiya Federasiyasının Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirlik binasının qarşısında partlayış törədilib.  
İlkin məlumata görə, partlayış konsulluğun qarşısında rus diplomatın viza almaq üçün növbədə gözləyənlərin siyahısını oxumaq üçün bayıra çıxdığı zaman baş verib.
Həmin vaxt diplomatik korpusun qarşısında dayanan şəxslərin əksəriyyəti viza üçün müraciət edən əfqan tələbələr olub.
Əfqanıstan mətbuatı yazır ki, partlayışdan sonra səfirliyin ətrafına həlak olmuş insanların meyitləri səpələnib.
Əfqanıstanın sosial şəbəkə seqmenti ölənlər arasında iki rusiyalı diplomatın olduğunu yazır.

Hazırda “Taliban” silahlıları əraziyə girişi tam qadağan ediblər, hadisə baş verən ərazidə hər hansı çəkiliş etməyə icazə verilmir, buna cəhd edilənlərin telefonları əllərindən alınır.

Hadisənin digər təfərrüatı barədə hələlik məlumat verilmir.