Ukrayna mövqe döyüşləri aparır

Rusiyanın formalaşdırdığı Donbas oxu artıq çöküb

  Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Rusiya-Ukrayna müharibəsini və nəticələri təhlil ediblər. Analitiklərin Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı ənənəvi hesabatında diqqətçəkən məqamlar yer alıb. Qeyd olunub ki, Ukrayna, nəhayət, müharibənin gedişatını öz xeyrinə çevirib: "Lakin indiki əks-hücumlar da nə vaxtsa dayanacaq. İşğalçı ruslar yeni müdafiə xətti quracaqlar, yerlərdə lokal hücumlar həyata keçirəcəklər. Ukrayna Silahlı Qüvvələri bütün əraziləri azad etmək üçün yeni hücumlar təşkil etməli olacaq.

Bu baxımdan müharibə 2023-cü ilə qədər uzanacaq". Vurğulanıb ki, Ukrayna hakimiyyəti Xerson vilayətində əks-hücum əməliyyatına hazırlığı qətiyyətlə müzakirə edir: "Rusların diqqətini əsas hücuma keçiləcəyi ərazilərdən yayındırırlar. Gizlin hazırlıqlar sayəsində plan işə yarayıb. Planın tərkib hissələrindən biri Xerson və Xarkov bölgələrində düşmənin logistika xətlərinə hücumlar idi.

 Bunun üçün Ukrayna Silahlı Qüvvələri HIMARS və digər Qərb silahlarından səmərəli istifadə edib". Ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri daha tez-tez döyüş əməliyyatlarının xarakterini və yerini diktə edə biləcək. Rusiya isə ukraynalı müdafiəçilərin həm fiziki, həm də psixoloji təzyiqlərinə getdikcə qeyri-adekvat reaksiya verəcək.

  Müharibə Araşdırmaları İnstitutunun Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətə dair yayımladığı analizi şərh edən siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Ukrayna Xarkov vilayətində Rusiyanın formalaşdırdığı Donbas oxunu çökdürür:

 "Rusiya informasiya siyasətini qura bilmədiyindən Kremlin informasiya məkanı Ukraynanın əks-hücumları ilə çökür. Ukrayna qüvvələri bəzi yerlərdə Rusiya mövqelərinin 70 kilometrə qədər dərinliyinə nüfuz edib. Ümumilikdə Ukraynanın sentyabrın 6-dan bu yana 3000 kvadratkilometr ərazisinin işğaldan azad edildiyi bildirilir. Ukrayna Xarkov vilayətinin şimal-şərqində və İzyumun şimal hüdudlarında Rusiya ilə sərhədin 15-25 kilometrlik mövqelərə çatıb və Kupyanskın qərbini ələ keçirib.

  Rusiya şərqdəki uğursuzluqların cənub oxuna təzyiq yaratmaması üçün Xersonda və Zoporejyada mövqelərini möhkəmləndirir. Ukrayna isə mövqe döyüşləri aparır və Rusiyanın logistika xətlərinə qarşı maneələr yaradır".