“Ərdoğanın İsrail səfəri baş tutarsa...” - Sular durulacaq?! - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı yəhudi icmasının bir neçə yüksək vəzifəli üzvünə İsrailə səfər etmək niyyətində olduğunu bildirib. Türkiyə liderinin ehtimal olunan səfərinin tarixi barədə məlumat verilmir. Eyni zamanda, İsrailin baş naziri Yair Lapidinin də bu həftə BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla görüşü gözlənilir. 
Xatırladaq ki, sentyabrın 17-də Ərdoğan ən qısa zamanda İsrailə yeni səfir təyin edəcəyini açıqlayıb. Sentyabrın 19-da isə İsrail Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ankaraya yeni səfir təyin edib
  
Türkiyə-İsrail yaxınlaşmasının oturuşmuş fikir olduğunu deyən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, iki ölkə arasındakı münasitətlərin tənzimlənməsinə ehtiyac duyulub.

“Rəsmi Təl-Əviv Yaxın Şərq regionundakı güc mərkəzlərindın biridir. Yəhudi lobbisi isə dünyanın maliyyə qaynaqlarını rəhbərlik edən və yönəldən bir etnosdur. 

Bu baxımnan da İsrail kimi bir dövlətlə əlaqələrin bərpası rəsmi Ankara üçün vacibdir. Digər tərəfdən də 1947-ci ildən bu yana həll olunmamış İsrail-Fələstin problemi mövcuddur. 

Bu yöndə ciddi bir haqsızlıq var. Fələstin dövlətini dəstəkləyən qüvvələrdən birincisi qardaş Türkiyədir. Rəsmi Ankara təkcə öz maraqlarını yox, əzilən bütün xalqların və müsalman dövlətlərinin haqlarını müdafiə etməklə tanınır. 

Qardaş ölkə ilə rəsmi Təl-Əviv arasında münasibətlərin tənzimlənməsi İsrail-Fələstin münaqişəsinə də müsbət təsir göstərə bilər. Çünki Rusiya-Ukrayna müharibəsində də həlledici geosiyasi amil məhz rəsmi Ankara oldu. 

Taxıl böhranının yaşandığı bir zamanda Rəcəb Tayib Ərdoğan məsələni Rusiya prezidenti ilə razılaşdıraraq qismən də olsa, yoluna qoydu. Faktlar göstərir ki, rəsmi Ankara bir  çox oyunları pozan yox, həm də bu oyunları quran ölkəyə çevrilir”.

Analitik qeyd edib ki, iki ölkə arasında da hərbi, siyasi və iqtisadi yöndə münasibətlərin irəliyə daşınma perspektivləri çox böyükdür:

“İsrailin Aralıq dınizində tapdığı qaz mənbələrinin Türkiyə ərazisindən keçməsi ehtimalları var. Bu yöndə artıq şifahi danışıqlar aparılır. 

Bu da rəsmi Ankaranın regiondakı mövqeyini gücləndirir və onun Avroatlantik məkan üçün vazkeçilməz olduğunu ortaya qoyur. 

Türkiyə düşmən qazanmaqdansa, daha çox dost əldə etmək istəyir. Bu yolla  öz problemləri yanaşı, dost və qardaşlarının problemlərini də həll etməyi düşünür. 

Ərdoğanın İsrail səfəri baş tutarsa, bu iki ölkə arasındakı münasibətlərin yeni məcraya daşınmasına gətirib çıxaracaq. Tərəfdaşlığın artıq əsası qoyulub. 

Rəsmi Təl-Əviv  rəsmi Ankaraya öz səfirini göndərib. Yaxın zamanda Türkiyənin də İsrailə səfir təyin edəcəyini düşünürəm. Bununla da hər iki ölkə arasında sular durulacaq”.