Ukrayna savaşında ciddi dönüş! - “Rusiya kollapsla üzləşə bilər”

“Ukrayna ordusu təşəbbüsü tam şəkildə ələ keçirib. Rusiya üçün həlledici mərhələ artıq başlayıb”

“İndi rəsmi Moskvanın əlində yalnız nüvə faktoru qalıb. Və Kreml vəziyyətin çıxılmaz olduğuna əmin olarsa, nüvə silahından istifadə təhlükəsi də arta bilər”

Rusiya Dövlət Duması növbədənkənar iclası zamanı Donetsk, Luqansk,  Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibinə daxil olmaları barədə müqavilələri ratifikasiya edib. Sənədləri Dövlət Dumasına Rusiya Prezidenti Vladimir Putin təqdim edib. Sənəddə qeyd edilir ki, yeni rayonların sərhədləri onların yarandığı və Rusiyanın tərkibinə qatıldığı gündəki sərhədlərlə müəyyən edilir.

Analitik  Elçin Xalidbəyli Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı  “Sherg.az”a danışarkən bildirib ki, bu  istiqamətdə atılmış bütün addımlar beynəlxalq hüquq normalarına ziddir: 

“Sözügedən qərar beynəlxalq səviyyədə tanınmır və heç vaxt da tanınmayacaq. Ukrayna əslində, Rusiyanın ilhaq addımlarına artıq ciddi reaksiyalar verib. Birincisi, prezident Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlük müraciətini imzalayıb. Təəssüf ki, ABŞ və Qərb Ukraynanın bu reaksiyasını çaşqınlıqla qarşılayıb. Qərb siyasi dairələri özlərini elə aparırlar ki, guya çox gözlənilməz və onların öhdəsindən gələ bilməyəcəyi bir hadisə baş verib. Halbuki, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşa başlamasında Kremlin əsas bəhanəsi məhz rəsmi Kiyevin NATO üzvlüyünə cəhd göstərməsi ilə birbaşa bağlıydı. ABŞ və Qərb də savaş ərəfəsində Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini qabardırdı. 

İndi isə gözlənilmədən müəmmalı mövqe tuturlar. Hətta Ağ Evdən bəyanat verilib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyünü müzakirə etmək vaxtı deyil. 
Halbuki, işğala məruz qalan Ukraynadan fərqli olaraq, gələcəkdə Rusiyanın hərbi təcavüzü ilə üzləşə biləcək İsveç və Finlandiyanı elə indidən NATO-nun "təhlükəsizlik çətiri" altına almağa çalışırlar. Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Ukraynaya münasibətdə səmimi deyillər. 

Onlar Ukraynadan sadəcə, öz strateji maraqlarını təmin etmək məqsədilə istifadə edirlər. Əslində isə Ukrayna həm ABŞ və Qərbə, həm də NATO-ya lazım deyil. 

NATO ümumiyyətlə, Ukrayna kimi problemli ölkələri öz sıralarına qəbul etmir. Belə anlaşılır ki, Ukrayna heç vaxt NATO sıralarına qəbul edilməyəcək. ABŞ və Qərb isə Ukraynanın sayəsində Rusiyanın zəifləməsinə nail olduqdan sonra rəsmi Kiyevə dəstəyini də böyük ehtimalla dayandıracaq”.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna hazırda daha çox öz savaş potensialına güvənməlidir:

“Rəsmi Kiyevin  Rusiya ilhaqına verdiyi ikinci reaksiya modeli də bunu təsdiqləyir. Belə ki, Ukrayna ordusu Kremlin Rusiya sərhədçiləri içərisində olduğunu elan etdiyi əraziləri işğaldan azad edir. Bununla da, Rusiyanın ilhaq ssenarisi ciddi şəkildə pozulmuş kimi görünür. Rusiya ordusu artıq müdafiə olunmaqda ciddi çətinliklərlə üzləşib. Ukrayna ordusu işğal altında olan əraziləri tədricən Rusiya qoşunlarından təmizləyir. 

Bu baxımdan, Rusiyanın Ukrayna savaşında məğlubiyyətinin qaçılmaz olduğunu Kremldə də anlayırlar. Ona görə də, hesab etmək olar ki, Ukrayna savaşında artıq ciddi dönüş yaranıb. Ukrayna ordusu təşəbbüsü tam şəkildə ələ keçirib. Rusiya üçün həlledici mərhələ artıq başlayıb. İndi rəsmi Moskvanın əlində yalnız nüvə faktoru qalıb. 

Və Kreml vəziyyətin çıxılmaz olduğuna əmin olarsa, nüvə silahından istifadə təhlükəsi də arta bilər. Ancaq istənilən halda, Rusiyanın bu savaşdan qalib çıxmaq şansları artıq qalmayıb. Böyük ehtimalla yaxın iki ay ərzində Rusiya bütün sahələr üzrə kollaps ilə üzləşə bilər”.