Praqa görüşü son şansdır

Təmaslar göstərir ki, sülh müqaviləsinin mətni hazırlanır

Bu görüş Rusiyanı qıcıqlandırmayacaq, çünki Avropa İttifaqı da, Fransa da Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil

Prezident İlham Əliyev Çexiyanın paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

 Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Praqada, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında da qeyri-formal görüş keçirilib. Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub. 

  Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Azərbaycan ilə Ermənistan arasında ən effektiv sülh ikisinin birbaşa əldə edəcəyi sülh olar. Amma bu, reallaşması ən çətin variantdır: 

"Çünki böyük güclər Cənubi Qafqazdakı dövlətləri mübarizənin tərəfi kimi deyil, sahəsi kimi görürlər. Azərbaycan bu yanaşmanı əhəmiyyətli dərəcədə qırmağı bacarıb, tam qırması çox çətindir, çünki imkanlar bərabər deyil. Ermənistan isə daha çox qırmağa deyil, faydalanmağa çalışır, bəzən dəyişiklik üçün cəhd edir, amma bu, ardıcıl xarakter daşımır. Bu səbəbdən də ən azı ortamüddətli sülh daha geniş formatda, digər önəmli güclərin iştirakı ilə əldə olunmalıdır. Müxtəlif variantlar mümkündür".
  Politoloq Azər Qasımov isə belə görüşlərin faydalı olduğu qənaətindədir. Onun fikrincə, hər görüş müəyyən irəliləyiş üçün şanslar yaradır: "Bəzi nüansları bilavasitə birinci dildən demək, eşitmək üçün yaxşı vasitədir. Amma bu, hansısa köklü dəyişikliklər baş verməsi üçün həlledici faktor deyil. Nəzərə alaq ki, tərəflərdən biri Ermənistan və onun rəhbəri Paşinyandır. Ermənistan rəhbərliyində olan hər kimsə ancaq tapşırıqları yerinə yetirən fiqurdur. Bu fiqur ancaq hansı tərəfə bağlı olmaqla tərəflər arasında gərginlik yarada bilər. Həlledici söz deyə bilməz. Paşinyan gündə bir söz danışır. Rusiyada bir söz deyir, Brüsseldə başqa ifadə səsləndirir, İrəvanda isə tamam ayrı hava çalır. Görünür, baş nazir belə davranmağa məcburdur, çünki ağası çoxdur və hər birinin sözü onun üçün qanundur".

  Analitik vurğulayıb ki, Paşinyan üçün bu görüşün ancaq daxili auditoriya üçün nəticəsi ola bilər: 

"Ermənistanla bağlı proseslərə İrəvan deyil, digər maraqlı güclər qərar verir. Biz nə qədər Ermənistan rəhbərini konstruktiv mövqeyə gətirməyə çalışsaq da, bunun axşamı və ya səhəri cəbhədə vəziyyət gərginləşəcək, itkilər olacaq, nəticədə verilən sözlər öz əhəmiyyətini itirəcək. Lakin erməni ictimaiyyəti anlamalıdır ki, sülhdən başqa çıxış yolları yoxdur. Məhv olmaq istəmirlərsə, hər şeyi gözə alıb Türkiyə və Azərbaycanın qanadları altına girməyi qəbul etməlidirlər. Bu, onlar üçün yoxlanılmamış yol deyil. Erməni toplumu bunu hamıdan yaxşı bilir ki, onların tarixdə ən yaxşı yaşadıqları dövrlər Türkiyə və Azərbaycanla bağlıdır. Bunu bəzi ermənilər özləri də etiraf edirlər. Ermənilərin rifahı Türkiyə və Azərbaycanın yanındadır. Bu tarixi şansı qaçırmaq isə məhvə bərabərdir". 

  Analitik Aqşin Kərimov Avropa Siyasi Birliyi liderlərinin Praqada baş tutan  sammitindən “Şərq”ə danışarkən bildirib ki, toplantının başlanma ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi formatda bir danışıq baş tutub: 

“Görüşü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təşkil edib. Hərçənd ki, Fransa Prezidenti Emmanuel Makron həmin danışıqda özünü göstərmək istəyərək Paşinyana qahmar çıxmağa çalışdı. Həmin görüşdə Macarıstanın Baş naziri Viktor Orban da göründü. Qeyd etmək lazımdır ki, onun ölkəsi Türk Dövlətləri Təşkilatında müşahidəçi statusdadır. İlkin dəyərləndirməmə əsasən, bunu Türk Dövlətləri Təşkilatı qismində Paşinyana təzyiq kimi simvolizə etmək olar. Yəni bu formatda presedent bir ilkdir. Əliyevlə Paşinyanın görüşünün davamı olacaq, orada Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək”. 

  Siyasi şərhçinin sözlərinə görə, dördlük formatında görüşdən əvvəl Ərdoğanın Makronu ofsaydda saxlayaraq Əliyevlə Paşinyanı bir masa ətrafında əyləşdirməsi “Türkiyə Azərbaycanın yanındadır və kimsə ona təzyiq edə bilməz” mesajının verilməsidir: 

“Hesab edirəm ki, bu görüşlər sülh müqaviləsinin mətninin hazırlandığının göstəricisidir. Lakin detallar üzərində yenidən fikir mübadiləsi aparılır. Əliyev-Paşinyan danışıqlarının Praqa raundu sülh müqaviləsinin detallarının hazırlanması, tərəflərin bir-birinə açıq və ya gizli zəmanətlərinin effektivliyini dəqiqləşdirmə baxımından önəmlidir. Bu görüş Rusiyanı qıcıqlandırmayacaq, çünki Avropa İttifaqı da, Fransa da Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Moskvanın aqressiya dozasının artıb-artmayacağı ABŞ-ın danışıqlar masasındakı razılıqları öz maraqlarına sərf edən formada inkişaf etdirmək dərəcəsindən asılı olacaq. Ermənistan isə seçim qarşısındadır. Ya sülhlə Azərbaycanın təklif etdiyi həcmlə razılaşmalıdır, ya da ki, Azərbaycan hərb variantı ilə istədiyini almalıdır.  Vəziyyətin bu cür olması Ermənistana sərf etmir. Fransanı isə narahat edir. Çünki rəsmi Bakının delimitasiya tələbləri seriyasında iyirminci əsrin xəritələri şərt kimi irəli sürülür. Bu mənada görüşdən sonra hərbi əməliyyatların davam etməsi istisna deyil. Çünki mümkündür ki, Azərbaycan görüşdə delimitasiya prosesinə dair istədiklərini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”.

İsmayıl Qocayev, 
Günəş Mərd