Hindistan istehsalı olan öskürək siroplarından 66 uşaq ölüb

Hindistanın “Maiden Pharmaceuticals” əczaçılıq şirkəti tərəfindən hazırlanan dörd öskürək siropu qəbul etdikdən sonra Qambiyada ən azı 66 uşaq ölüb.

AZƏRTAC xəbər verir ki, ÜST Qambiyada ölüm halları ilə əlaqədar dörd öskürək siropu ilə bağlı qlobal xəbərdarlıq edib.

ÜST-nə görə, tərkibində qəbuledilməz miqdarda dietilen qlikol və etilen qlikol olan prometazin, uşaq öskürək siropu Kofexmalin, Makoff uşaq öskürək siropu və Magrip N soyuqdəymə siropu uşaqlarda kəskin böyrək zədələnməsinə səbəb olub.

Hindistanın Dərman Standartlarına Nəzarət Mərkəzi Təşkilatı bunlarla bağlı araşdırmaya başlayıb.

Bir neçə “Maiden Pharmaceuticals” dərmanı Hindistanda rədd edilib, Vyetnam isə 2011-ci ildə bu şirkətin bütün məhsullarına veto qoyub.

Qambiyada səhiyyə naziri Dr.Ahmadu Lamin Samatenin istefası, eləcə də ölkədəki dərman tədarükçülərinə qarşı hüquqi tədbirlər görülməsi üçün çağırışlar artır.

Qambiya Səhiyyə Xidmətinin direktoru Mustafa Bittayanın sözlərinə görə, hazırda Qambiyada dərmanların təhlükəsizliyini yoxlaya biləcək laboratoriya yoxdur, ona görə də onlar test üçün xaricə göndərilir.