“Çünki onların döyüşən peşəkar zərbə ordusu məhv edilib”
“Rəsmi Kiyev isə Qərb dünyasından daha güclü silahlar almağı hədəfləyir. Buna nail olduqdan sonra isə artıq Rusiyanın strateji obyektlərini və şəhərlərini vura biləcək”
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı Rusiya tərəfindən ilhaq edilmiş Krıma aparan körpüyə hücumda ittiham edərək, bunun "terror aktı" olduğunu deyib. O bildirib ki, Ukraynanın kəşfiyyat qüvvələri Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib.Vladimir Putin bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə danışıb. Rəsmilər körpüdəki partlayışda 3 nəfərin öldüyünü bildirib.
Bunun ardından isə bazar ertəsi səhər saatlarında Rusiya Kiyevi, eləcə də Ukraynanın digər şəhərlərini və yaşayış məntəqələrini atəşə tutub. Bu barədə Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenko xəbər verib. İndiyə qədər ölkənin mərkəzində Dnepr, cənubda Zaporojizia və hazırda Ukraynanın qərbində yerləşən Lvova hücumlar barədə məlumat var. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevdə səhər saatlarında baş vermiş atəş nəticəsində 5 dinc sakin ölüb, daha 12 nəfər yaralanıb. Məlumata görə, raketlərdən biri Kiyevin mərkəzindəki Taras Şevçenko parkındakı uşaq meydançasına düşüb.
Hadisədə qeyri-müəyyənliklərin çox olduğunu deyən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Krım körpüsünün Rusiya xüsusi xidmət orqanları tərəfindən vurulması ehtimalını da göz ardı etmək olmaz:
“Körpünün vurulması Kreml üçün hüquqi zəmin yaradır və xüsusi əməliyyatları antiterror əməliyyatına çevirmə ehtimalını gücləndir. Bu konteksdə Rusiya Təhlükəsizlik Şurası bu gün yığışaraq, konkret qərarlar verəcək. Lakin bu da Ukrayna savaşını rəsmi Moskvanın xeyirinə dəyişə bilməyəcək. Çünki onların döyüşən peşəkar zərbə ordusu məhv edilib. Ukraynada savaşan kiçik dəstələr qalıb ki, onun da gücünü səfərbərlik hesabına yenidən bərpa etmək istəyirlər. Bu da həmin əsgərlərdəki qeyri-peşəkarlıq və Kiyev də döyüşmək arzularının olmaması kimi problemləri ortaya çıxarır. Düşünürəm ki, bu vəziyyət qısa zamanda səfərbərliyə çağırılan rus əsgərlərinin əsir düşməsi və ya könüllü təslim olması ilə nəticələnəcək”.
Analitik qeyd edib ki, döyüşlərin şiddətlənməsi və Ukrayna şəhərlərinin ballistik raketlərlə vurulma ehtimalı çoxalıb:
“Raket hücumlarının da uzun müddət davam edəcəyini düşünmürəm. Çünki onların məhdud sayda ballistik raketləri var. Buna görə də onlar sayla istifadə edilir. Kiyevin vurulması isə daxili aiditoriya üçün hesablanıb. Bununla Kreml qisas görüntüsü yaratmağa çalışır. Nüvə silahından istifadəyə gəldikdə isə indiki vaxtda bunun olaçağını düşünmürəm. Ona görə ki, bu, Putinin tək başına verəcəyi qərar deyil. İndiki siyasi hərbi elitada fikir ayrıqları var. Rəsmi Kiyev isə Qərb dünyasından daha güclü silahlar almağı hədəfləyir. Buna nail olduqdan sonra isə artıq Rusiyanın strateji obyektlərini və şəhərlərini vura biləcək. Zərbələr bir neçə həftə ərzində Xersonun geri qaytarılması və Luqanskın təmizlənməsi ilə nəticələnə bilər”.