Bakı-London münasibətlərinin gizlinləri! – “Britaniyanın İran siyasətində Azərbaycan amili...”

“Dünya siyasi xəritəsinin dəyişdirilməsi üçün cəhdlərin alovlandığı zamanda mühüm coğrafiyada yerləşən Azərbaycanın regional gücü Britaniya üçün cəlbedici gəlir”

“Azərbaycanla Britaniyanın münasibətləri yüksək səviyyəyə qalxacaq və iqtisadi-siyasi sərmayələrlə stimullaşdırılacaq"

"Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin istiqamətini ikitərəfli və çoxtərəfli aspektlərlə qiymətləndirmək lazımdır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Britaniyanın Azərbaycana olan mövqeyini əsasən üç ox üzrə izah etmək mümkündür:

"Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra regional tərəzidəki çəkisini artırıb. Londonun Bakı ilə bağlı prioritetlərini müsbət meyarlar əsasında yeniləməsinə gətirib çıxarır.  

Britaniya Türk Dövlətləri Təşkilatının potensialını özünə qarşı çevrilə biləcək hərəkətliliyə qarşı “bufer zona” kimi dəyərləndirir. London “Türk Birliyinin” resurslarından maksimal şəkildə yararlanmağa çalışır.

Britaniya Azərbaycan-Türkiyə-Pakistan üçbucağını dəstəkləyir. Lakin aşkar bir bəyanat yoxdur.  Britaniya siyasətini “tərcümə etdikdə” London Azərbaycanın xarici siyasət kursundakı elementləri dəstəklədiyini görürük. Bakının Rusiya ilə münasibətlərindən isə elə də narahatlıq keçirmir. 

Britaniyanın Azərbaycanla münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlığa söykənsə də, bəzi gizli təzahürlər də az deyil".

Ekspertin sözlərinə görəz Bakı-London münasibətlərini gizli müttəfiqlik zəmininə kökləyir: 

 "Britaniya İran barədə  prioritetlərində Azərbaycan amilindən yararlanmaq istəyir.  Dünya siyasi xəritəsinin dəyişdirilməsi üçün cəhdlərin alovlandığı zamanda mühüm coğrafiyada yerləşən Azərbaycanın regional gücü Britaniya üçün cəlbedici gəlir. Azərbaycanla Britaniyanın münasibətləri yüksək səviyyəyə qalxacaq və iqtisadi-siyasi sərmayələrlə stimullaşdırılacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib. Dövlət başçısı Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.