“Çünki Ukraynanın əks - hücum əməliyyatları, o cümlədən Kerç körpüsünün vurulması Rusiyanı qıcıqlandırır”
"Rusiyanı Krım yarımadasına birləşdirən Kerç körpüsü dağıdılıb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. Partlayışın Ukrayna Silahlı Qüvvələrinin törətdiyi hələ ki, təsdiqlənməyib. Amma Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib ki, hələ başlanğıcdır. Rusiyanın bütün qanunsuz obyektləri məhv edilməlidir".
Bunu "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
Analitikin fikirlərinə görə, Kerç körpüsünün vurulması gözlənilən idi:
"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu bəyanat partlayışın terror kimi səciyyələnməsinə dəlalət edir.
Podolyak hələ iki əvvəl anons vermişdi. Həmin obyekt Moskva üçün strateji əhəmiyyət daşıyır. Yarımadaya əsas silah təminatı sözügedən körpü vasitəsilə həyata keçirilirdi. Şübhəsiz, Krıma silah təminatında ciddi çətinliklər meydana çıxacaq.
Kerç körpüsünün Kreml rəhbərliyinin nüvə şantajı və Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyi ilə eyni gündə partladılmasını təsadüfi saymıram.
Çox böyük ehtimalla körpünü, doğrudan da, Ukrayna ordusu vurub. Həmçinin məsələdə ABŞ -ın “əli”nin olduğu istisna deyil. Onsuz da ABŞ hərbi elitası Ukraynadakı müharibədə bu və ya digər formada rol oynayır. Özü də belə fəaliyyət təkcə hərbi deyil, həm də siyasi xarakter daşıyır".
K.Novruzovun qənaətincə, prosesin davamı gələcək. Əks halda Kiyev belə riskli addım atmazdı:
"Yaxın vaxtlarda Kreml rəhbəri Donetsk, Xerson, Luqansk, Zaporojye kimi vilayətlərin Rusiyaya birləşdiyini açıqladı və təsdiqlədi. Əlbəttə, Ukrayna separat addıma səssiz yanaşa bilməzdi.
Tezliklə Ukrayna ordusunun Krım istiqamətində əks- hücum əməliyyatlarına başlaması tamamilə mümkündür.
Baş verənlərim fonunda Rusiya Müdafiə Nazirliyi ilə bağlı onsuz da mövcud olan tənqidlər arta bilər.
Eyni zamanda Putinin nüvə silahından istifadə ehtimalı da getdikcə reallığa çevrilir. Çünki Ukraynanın əks - hücum əməliyyatları, o cümlədən Kerç körpüsünün vurulması Rusiyanı qıcıqlandırır.
Rusiya nüvə silahını tətbiq edərsə, əsas səbəbkarı ABŞ və müttəfiqləri olacaq. Əgər onlar istəsə idilər, gərginliyin daha da artmasının qarşısını ala bilərdilər".
Analitik Qərbin Kremli nüvə silahından istifadəyə məcbur etmək istədiyini vurğulayıb:
"Məqsəd Rusiyaya sonuncu- sarsıdıcı zərbənin vurulmasıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Putinlə danışıqların olmayacağına dair sərəncam imzalamışdı.
Görünür, həqiqətən, Kiyevlə Vaşinqton arasında ciddi məsləhətləşmələr gedir. Ehtimalən, Ağ ev Putinin devrilməsinə çalışır. Hər halda Zelenski bu qədər arxayın və inamlı addımlar atırsa, deməli, inandığı güc var.
Qarşıdakl günlərdə Şərqi Avropada durumun daha da gərginləşəcəyi gözlənilir. ABŞ Ukrayna vasitəsilə Rusiyanı sıxışdırır. Bu, Ukrayna üçün böyük uğur, nüvə silahının tətbiqi ehtimalının artdığına görə dünya üçün ciddi təhlükə vəd edir".
Qeyd edək ki, oktyabrın 8-də Krımı Rusiya ərazisi ilə birləşdirən və Kerç boğazında yerləşən Krım körpüsündə güclü partlayış yaşanıb.
Ukrayna Təhlükəsizlik Şurasının sədri Danilov Krımı Rusiya ilə birləşdirən körpünün partladılması ilə bağlı verdiyi açıqlamada, Rusiya prezidenti Putinin dünən qeyd olunan doğum gününə işarə edərək, “Hər kəsə ad günündə belə bahalı hədiyyə verilmir” deyərək, sözlərinə davam edib. Danilov körpünün yandığı anları təbrik mahnısı ilə yan-yana qoyaraq paylaşıb.