Aİ Şurası AP ilə Ukraynada verilən Rusiya pasportlarının tanınmamasını müzakirə edəcək

Bu gün Aİ səfirləri Avropa Parlamenti ilə danışıqlar üçün Ukrayna və Gürcüstanda verilən Rusiya səyahət sənədlərinin tanınmaması və qəbul edilməməsi ilə bağlı Aİ Şurasının sədrliyinə mandatın verilməsini razılaşdırıblar.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Bu qərar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə və Rusiyanın işğal etdiyi ərazilərin sakinlərinə Rusiya pasportlarının verilməsinə cavabdır. Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində və ya Gürcüstanın separatçı ərazilərində yaşayan şəxslərə verilən Rusiya səyahət sənədləri viza almaq və ya Şengen zonasının sərhədlərini keçmək üçün etibarlı səyahət sənədləri kimi qəbul edilməyəcək”, - Aİ Şurasının yaydığı bəyanatda qeyd olunub.

Aİ Şurasına sədrlik edən Çexiyanın daxili işlər naziri deyib ki, Ukrayna ərazilərinin qanunsuz ilhaqı ilə Rusiya bir daha qaydalara əsaslanan beynəlxalq nizama açıq-aşkar etinasızlığını nümayiş etdirib.

“Biz Ukraynanın və Gürcüstanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarının pozulmasını heç vaxt tanımayacağıq. Aİ hər iki ölkənin xalqlarının yanında vahid və qətiyyətlə dayanır”, - çexiyalı nazir bildirib.

Bu mandat əsasında sədrlik Avropa Parlamenti ilə müzakirələrə başlayacaq.

Qeyd edək ki, bu regionlarda verilən Rusiya səyahət sənədləri Aİ-yə üzv dövlətlər tərəfindən artıq tanınmır və ya tanınmamaq prosesindədir. Bu qərar ümumi yanaşmanı müəyyən etmək, xarici sərhəd və ümumi viza siyasətlərinin düzgün işləməsini təmin etmək və Aİ-yə üzv dövlətlərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.