“...İrandakı etiraz dalğası səngiyəcək”

İranda etirazlar davam edir. Oktyabrın 12-də Saqqız şəhəri etirazçıların nəzarətinə keçib. Yayılan görüntülərdə əhalinin şəhərin küçələrində toplaşdığı, müxtəlif şüarlar səsləndirdiyi əks olunub. Ayın 13-də isə Qonbəd Kavus şəhərinə toplaşan molla rejimindən narazı etirazçılar “top, tüfəng, tank ola, molla gərək rədd ola” şüarı səsləndiriblər.

Hərbi-siyasi ekpert Həşim Səhrablı İrandakı etirazlarla bağlı “Sherg.az”a danışarkən bildirib ki, sözügedən etirazlar vahid mərkəzdən idarə edilmədiyi və öncədən planlaşdırılmış şəkildə başlamadığı üçün ilk günlərdə çox effektsiz görünürdü.Qərb dairələri də etirazların geniş vüsət alacağını da gözləmirdi. Sonrakı günlərdə isə İran xalqı geri çəkilmədi, etirazların dairəsini daha da genişləndirdi: 

“ Bundan sonra görürük ki, Qərb dövlətləri, həm də Qərbdəki transmilli şirkətlər ( əsasən də internet və sosial media şirkətləri) "Ərəb baharı”nda etdiklərini təkrarladılar. İrandakı kimi o zaman da, rejimin atdığı ilk addımlardan biri insanların toplaşmasının qarşısını almaq üçün onların əlaqə vasitələrini kəsmək olub. 

Məhz “Ərəb baharı”nda da Avropa dövlətləri, transmilli şirkətlər ərəb xalqlarının internetini bərpa etməklə  onlara təşkilatlanmaqda dəstək veriblər. İrana da belə dəstəklər verildi. Bundan sonra biz etirazların həcmində artım baş verdiyini, xalqın ruhlandığını gördük”. 

Ekspertin sözlərinə görə, hazırda İrandakı proseslərdə rejimin dəyişməsini, etirazçıların öz məqsədlərinə çatmasını gözləmək bir qədər sadəlövhlük olar:  

“Çünki bu ölkədə güc strukturlarının bölgüsü fərqlidir. Burda fərqli güc qrupları var. Ordu içində müxtəlif qruplaşmalar mövcuddur. Xalq bir qrupu razı salıb, başqa birini məğlub etsə, yenə də başqa biri ilə üz-üzə gələcək. Ona görə orda etirazçılar mövcud rejimi asanlıqla məğlub edə bilməyəcək. 

Digər tərəfdən düşünürəm ki, Avropadan  etirazçılara həm iqtisadi, həm də hərbi avadanlıqlarla dəstək verilərsə, bu zaman İranda ciddi dəyişikliklər ola bilər. İndiki məqamda isə mövcud rejim etirazçıların bəzi istəklərini yerinə yetirməklə onları ram etməyə çalışır.  

Beləcə narazı kütlənin bir hissəsinin qəlbinə yol tapır. Proses bu şəkildə davam edərsə, növbəti günlərdə etiraz dalğalarında ciddi azalmanın şahidi olacağıq”.