Yaxın vaxtlarda Qərbin bu ölkəyə ciddi təzyiqlərinin şahidi olacağıq
İranın Ali Rəhbərinin baş müşaviri və köməkçisi, general Seyid Yəhya Səfəvinin sözlərinə görə, 22 ölkə İrandan pilotsuz təyyarə almaq üçün müraciət edib.
O bildirib ki, gələcəkdə mümkün müharibələr üçün inteqrasiya olunmuş, təhlükəsiz komanda və idarəetmə şəbəkəsinə sahib olmaq lazımdır.
Seyid Yəhya Səfəvinin fikrincə, gələcəkdə baş verə biləcək müharibələrin səhnəsi hər an dəyişir.
Politoloq Tural İrfan isə "Şərq"ə açıqlamasında deyib ki, İran PUA istehsal edə və onu da sata bilər. Hətta onların bu PUA-ları Rusiyaya verdiyi və ya satdığı, Ukraynaya qarşı da məhz bu silahlardan istifadə olunduğu qeyd olunur:
"Əvvəla, İran bir islam dövləti olaraq gərək satdığı və ya bağışladığı silahların kimə qarşı istifadə olunacağına diqqət etsin. PUA-lar üçün onlarla dövlət İrana müraciət edə bilər. Hətta Ermənistanın da belə bir müraciətinin olduğu bildirilir. İran isə PUA üçün onlara müraciət edən ölkələrin niyyətlərini nəzərdən keçirməlidir".
T.İrfanın sözlərinə görə, pilotsuz təyyarələr əsasən Türkiyənin istehsal etdiyi növlərin Qarabağ savaşındakı istifadəsi və üstünlüyü ilə əlaqədar olaraq aktuallaşdı və bəziləri də PUA istehsalına meylləndilər:
"Ancaq düşünmürəm ki, İranın istehsal etdiyi bu növ PUA-lar o qədər də effektiv olsun. Dünyadakı müharibə səhnələrinin dəyişməsində İranın verdiyi silahlar ancaq özünün ziyanına yönələ bilər. Və effekt baxımından, hərbi baxımdan da əhəmiyyətli və həlledici rolu ola bilməz. Yalnız o silahları savaşan tərəflərə satdığına görə, gedən prosesləri gərginləşdirdiyinə görə özünə qarşı təzyiqləri artıra bilər. Ələlxüsus, Rusiyaya verdiyi deyilən PUA-ların Ukraynaya qarşı istifadə olunması ümid edirəm ki, yaxın vaxtlarda böyük narazılığa və Qərbin İrana qarşı təzyiqlərinin ciddiləşməsinə gətirib çıxaracaq".