KİV: ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub, yanğın olub

Bazar günü gecə Suriyanın Deyr əz-Zor əyalətində Ömər neft yatağının yerləşdiyi yerin yaxınlığında ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Al-Alam” telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerikanın hərbi obyektində azı beş partlayış səsi eşidilib, sonra yanğın başlayıb.

İtkilər barədə məlumat verilmir.

Atəş İraqla sərhəd ərazidən həyata keçirilib. Buna cavab olaraq Qərb koalisiyasının helikopterləri Əl-Məyadin və Zeyban yaxınlığındakı mövqelərə hücum edib.