"Missiya" təlatümlər gətirdi - Cənubi Qafqazda vəziyyət gərginləşir


Hazırda regionda Qərblə Rusiya arasında ciddi rəqabət gedir
  Ermənistanın Avropadakı havadarları Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmaması üçün bütün variantları işə salıblar. İrəvan Rusiyanı bölgədən sıxışdırmaq, Avropadakı tərəfdaşlarını regiona gətirmək və ümumilikdə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq üçün Qərbdəki müttəfiqlərinin bütün "təşəbbüs"lərini böyük məmnuniyyətlə qəbul etməkdədir. Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsinə razılıq verən İrəvan, daha sonra "ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası"nı regiona dəvət etdi. Hətta həmin missiya artıq Ermənistandadır və ilk patrul xidmətlərini də həyata keçiriblər. Xarici işlər naziri Ararat Mirzoyan missiyanın rəhbəri polkovnik Robert Arkadiuş Tkaçikinlə görüşdən sonra Ermənistan XİN məlumat yayıb ki, ATƏT missiyası sərhədə təşkilatın bütün iştirakçı ölkələrinin razılığı ilə gəlib. Lakin rəsmi Bakı vurğulayıb ki, missiyanın Azərbaycanla sərhədə gəlməsinə razılıq verilməyib. Azərbaycan ümumiyyətlə belə bir missiyanı tanımadığını bəyan edib. Maraqlıdır ki, Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaya əsasən Avropa İttifaqının sərhədə gələn mülki missiyası demək olar ki, ATƏT-in göndərdiyi missiya ilə eyni işi görəcək. Avropa İttifaqının missiyası Ermənistanla sərhədə Azərbaycanla razılıq əsasında gəldiyi üçün onu legitim saymaq olar. Amma ATƏT-in missiyasının Azərbaycanın razılığı olmadan hansı "ehtiyacdan" bölgəyə gəldiyi şübhəlidir. Bu səbəbdən, missiya legitim sayıla bilməz.
  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə deyib ki, hazırda Cənubi Qafqaz regionunda Qərblə Rusiya arasında ciddi rəqabət gedir. Partiya təmsilçisi qeyd edib ki, hər iki tərəf Azərbaycan-Ermənistan məsələsinə sadəcə özünün nəzarətində olan problem kimi baxır: "2020-ci ilin sentyabr ayına, yəni 44 günlük Vətən müharibəsinin başlanmasına kimi münaqişə birbaşa Rusiyanın təsir dairəsində olub. Ancaq İkinci Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi vəziyyəti dəyişdi. İlk növbədə regiona Türkiyə gəldi. Müəyyən zaman sonra Qərb dairələri, ABŞ və Avropa İttifaqı dövriyyəyə girdi. Təbii ki, Qərbin fəallığı Rusiyanın qısqanclığına səbəb oldu. Missiya məsələsinə gəldikdə isə Azərbaycan torpaqları işğal altında olarkən dəfələrlə beynəlxalq missiya ilə bağlı Qərb ölkələrinə müraciətlər etmişdi. Rəsmi Bakının çoxsaylı müraciətlərinin hamısı qulaqardına vurulmuşdu. Amma 13-15 sentyabr hərbi əməliyyatlarından sonra Ermənistana tez-tələsik missiya göndərməyə qərar verdilər. Şübhə yox ki, İrəvanın sərhədə yaxın əraziyə Aİ və ATƏT-in beynəlxalq missiyalarını cəlb etməkdə məqsədi Azərbaycanın əl-qolunu bağlamaqdır. Məqsədləri Azərbaycan Ordusunun erməni təxribatçılarına layiqli cavab verməsinin, hərbi əməliyyatların keçirilməsinin qarşısını almaqdır. Azərbaycanın hərbi əməliyyatları məcburi xarakter daşıyır və erməniləri sülhə təşviq etmək məqsədi daşıyır".
  Ə.Məmmədli bildirib ki, ermənilərin anladığı yeganə dil gücdür: "Ermənistan normal danışıqlardan, masa arxasında aparılan müzakirələrdən qaçır. Sülhə yaxınlaşmayan Ermənistan özü üçün sərhəddə yarana biləcək "təhlükə"ni neytrallaşdırmaq düşüncəsi ilə beynəlxalq missiyanı bölgəyə gətirir. İrəvanın bu mövqeyinin Rusiya-Ermənistan arasında gərginlik yarada biləcəyi ehtimalı böyükdür. Kreml rəhbərinin "Valday" klubunda çıxışı zamanı da Ermənistana yönəlik mesajlar var idi".